F-1.az xatırladır ki, Həmilton son yarışa Rosberqdən 12 xal geridə gəlmiş və bu fərqi bağlamaq üçün almaniyalını ləngitmişdi. Britaniyalı Mercedes-in “sürətlən” əmrlərinə də qulaq asmamışdı. Amma Həmiltonun bu taktikasına baxmayaraq, Rosberq ikinci yeri qoruyaraq Dünya Çempionu titulunu qazanmışdı.
Niko Rosberq: “Yarışdan sonra sevincli idim, çünki çətin yarış idi. Həmiltonun nə edəcəyini bilmirdim. Dəli olub, məni trasdan çıxara bilərdi? Bunu bilmək olmaz. Nə etdiyini gördüm və xırda bir səhv etsəydim, arxamdakı iki sürücü də məni qabaqlayacaqdı və hər şey bitəcəkdi. Bütün əziyyətim iki dövrə içində yox olacaqdı. Buna inanmaq çətindir”.
Rosberq Həmiltonun taktikasındam razı qalmasa da bildirib ki, komandasının məyusluğunu və Həmiltonun taktikasını başa düşür: “Mövzunun bu qədər böyüdülməsi axmaqlıqdır, çünki ortada bəsit bir vəziyyət var. Biz bəzi qaydalara riayət edərək sürməliyik, buna görə də komandanın məyusluğunu anlaya bilərsiniz. Ancaq Lyuisi də başa düşürəm. Mübarizə aparırıq. Çempion olmaq üçün hər şeyə cəhd etmək və həddinizi aşmaq istəyirsiniz”.
Həmilton və Rosberq uşaqlıqdan dost olsalar da, almaniyalı bildirib ki, hazırkı rəqabət onların dostluğunu pozsa da, onların arasında adi bir hörmət var: “Eyni komandadayıq və yarışları qazanmaq və çempionluq uğrunda mübarizə aparmaq istəyirik. Bu cür rəqabət olan yerdə dost qalmaq mümkün deyil. Bir-birimizə qarşı saxladığımız hörmət bizə kömək edir.
13 yaşında olanda çox yaxın dost idik və məncə, bu davam edir. Ən azından mən hələ də elə hiss edirəm və onun da nə hiss etdiyini düşünürəm. Çətin anlarda bu hal bizə kömək edir”.