N.Rosberq: Həmiltonun çox qələbə qazanması xeyrimədir

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, Lyuis Həmiltonun daha çox qələbə qazanmasına sevinir.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2016-cı ildə komanda yoldaşı Lyuis Həmiltonu qabaqlayaraq, karyerasındakı yeganə titulu qazanmışm və bundan altı gün sonra karyerasını bitirdiyini açıqlamışdı. Lyuis isə ardıcıl üç dəfə titul qazanaraq, çempionluq sayını altıya çatdırıb.

Niko Rosberq: “Lyuisi eyni boliddə qabaqladığım üçün onun daha çox titul qazanması mənimçün vacibdir. Nə qədər uğurlu olsa, 2016-cı ildəki çempionluğum o qədər dəyərlənəcək. Mən 2016-cı ildə Everestə dırmanmışdım. Həmin il karyeramı bitirdim, çünki bu idmanda əldə edə biləcəyim hər şeyi qazanmışdım. Batton və ya Alonso kimi getmək istəməzdim. Performansımın zirvəsində ayrıldığımçün xoşbəxtəm. Bu, mənə güc verir. Yaşamaq gücü! Avtoidmanda sizi son uğurunuza görə xatırlayırlar. Məndə də elə olacaq. Bu, dəniz fənəri kimi həmişə parlayacaq.

Paddoka gedəndə 2016-cı ildəki Əbu Dabi yarışını xatırlayıram. Bu, həyatımda qızımın dünyaya gəlməsi və evliliyimdən sonrakı ən yaxşı anlardan biridir. 2014 və 2015-ci ildə uduzduğum üçün özümü pis hiss edirdim. 2016-cı ilin Əbu Dabi yarışı həyəcanverici idi. Son dövrəyə qədət limitlərdə sürdüm. Braziliya isə inanılmaz idi. Yağış yağırdı və Red Bull-un təzyiqi var idi.

Bəs Həmiltonu necə məğlub etdim? Mixael Şumaxerlə komanda yoldaşı olmağım mənə kömək etdi. Onunla mübarizə apararkən təcrübə qazandım. Vacib olmayan hər şeyi atdım. Əsl həyatımı unutdum. 2016-cı ildə məni narahat edəcək heç nəyə icazə vermədim. Psixoloji cəhətdən hazır olmaq üçün çox işlədim. Hər gün psixoloqa getdim. Lyuislə aramızda az fərq var idi və hər səhv qələbə uğrunda mübarizədə vacib rol oynayırdı. Həmin il əlimdən gələn hər şeyi etdiyimçün ayrıldım. O mövsüm çox stressli idi və eyni şeyləri yenidən yaşamaq istəmədim. İstəsəm belə, bunu etməyə gücüm qalmamışdı. Hər il var qüvvənizlə yarışmaq mümkün deyil və Həmiltonu məğlub etmək üçün bunu etməlisiniz. Onu məğlub etmək üçün balansını pozmalısınız. Suzukadakı mətbuat konfransını xatırlayın. Snapchat-la bağlı müzakirələr var idi. Bazar günü isə Lyuis yarışa pis başladı. Bütün bunların önəmi var. Bunu unutmayın. Lyuis barədə danışırıq. Onu məğlub etmək istəyirsinizsə, Lyuisə qarşı hücuma keçməməlisiniz. Belə olan halda, Lyuis daha da güclənəcək. Onun düşüncələrinə girməli və şübhələndirməlisiniz. Valtteri həmişə mübarizə aparmalı və stabil olmalıdır. Lyuis onun varlığını hiss etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*