F-1.az xəbər verir ki, Kimi Rəykkönenin yerinə Ferrari-yə keçəcəyi iddia olunan Niko Rosberq heç bir yerə getmədiyini, diqqətini ancaq və ancaq çempionata yönəltdiyini bildirib.
Niko Rosberq: “Transfer mövzusu barədə düşünmürəm. Bundan əvvəl də düşünmürdüm. Mən Mercedes-də xoşbəxtəm, onlar da mənimlə işləməkdən razıdırlar. Burada hələ uzun müddət qalacağıma əminəm”.
Mövsümün ilk 4 yarışında qalib gələn Rosberq İspaniyada ilk dövrədəki qəzaya görə mübarizəni dayandırmış, Monakoda isə yarışı 7-ci yerdə bitirmişdi. O, Kanada Qran Prisində yenidən zirvəyə qayıdacağını deyir: “Yaxşı olmayan hadisələr baş verdi. Bundan sonra da olacaq. Mübarizə belədir, enişli-yoxuşlu yollardan keçir. Mən də enişin olacağını bilirdim. Çünki bütün yarışlarda qalib gəlmək mümkün deyil. Barselonadakı yarışdan sonra çətinlik çəkdik. Amma o çətinlikləri də geridə qoyduq. Monrealda qalib gəlmək üçün mübarizə aparacam”.