F-1.az xatırladır ki, Rosberq son yarışını Yaponiyada qazanmış və Həmiltonla fərqi 33 xala çatdırmışdı. Almaniyalı o yarışdan sonra bütün yarışlarda ikinci olduğu halda, Həmilton 4 yarışı da qazanmışdı.
Niko Rosberq: “Ən yaxşı mövsümüm idi və ən yaxşı yarışlarımı bu il keçirtdim. Son yarışlarda, xüsusən də sonuncusunda əsl Nikonu görmədiniz. Təzyiq sizi yavaşladır. Çətin idi. Vəziyyətdən belə çıxdığım üçün sevincliyəm. Lyuisin itirəcək heç nəyi yox idi.
Son yarışlar Lyuisin ən yaxşı yarışları idi. Çünki üzərində təzyiq yox idi. Motivasiyası yaxşı idi, çünki itirəcəyi bir şey olmadığı üçün çox işlədi.
Mənim üzərimdə isə öndə olma və Lyuisə qarşı mübarizə aparma təzyiqi var idi. Bunlar işimi daha da çətinləşdirdi. Buna görə də son nəticəyə görə sevincliyəm.
Bu idmanda beyin çox vacibdir. Buna görə də bu yönə fokuslandım. Bu yol ən yaxşı yol kimi görünürdü. Çempionluğu çox düşünsəniz, daha da gərgin olarsınız və çiyninizdə yük əmələ gələr. Buna görə də bu hadisəni bəsitləşdirmək mənim işimə yaradı. Dünya Çempionluğunu gözümdə böyütməməyə çalışdım. Bu düşüncədən uzaq durmaq daha yaxşı idi və işə yaradı. Mövsümün əvvəlindən belə düşünürdüm. O qədər yarış qazanandan sonra çempionluğu düşünmək düzgün olmazdı, çünki komanda yoldaşınız Lyuis Həmiltondur. O həmişə mübarizə aparır. Onu məğlub etmək həmişə çətindir”.