F-1.az xatırladır ki, Ferrari-dən sonra Red Bull komandası da özü dizayn etdiyi başın mühafizə sistemini Rusiya QP-nin ilk sərbəst yürüşlərində test etmişdi. Berni Ekklstoun isə buna ehtiyac olmadığını bildirərək, sistemə qarşı çıxmışdı.
Niko Rosberq: “Bizim buna ehtiyacımız var. Başımızın açıq olması idmandakı ən böyük təhlükədir və buna görə ölən sürücülər oldu. Buna görə də bolidin bu sahəsində təhlükəsizliyi artırmalıyıq.
Hazırda bu sahə çox vacibdir. Buna görə də bu cür sistemlərin olması əladır. Mən əminəm ki, bu problem həll olunacaq. Bütün sürücülər bunu dəstəkləyir.
Bəzi sürücülər üçün bu ideal deyil və sistemi bəyənmirlər, ancaq idman tarixinə baxanda görürük ki, həmişə belə olub. Həmişə idmana yenilik gələndə hamı deyinməyə başlayıb.
Sürücülərin ətrafı yüksəldildiyi zaman da hamı narazı idi. İnsanlar sürücüləri əvvəlki kimi görməyəcəkdi. Həmişə insanlar eyni reaksiyanı verir, bunu qəbul etmək lazımdır.
Ümid edirəm ki, sistemə nifrət edənlər buna öyrəşərlər. Mən onlara hörmət edirəm və anlayıram, amma ümid edirəm ki, fikirlərini dəyişdirərlər”.