F-1.az xatırladır ki, Rosberq çempion olmamışdan əvvəl Mercedes-lə 2017 və 2018-ci illəri əhatə edən müqavilə bağlamışdı. Almaniya mətbuatının verdiyi xəbərə görə, almaniyalı sürücünün illik maaşı 18 milyon avro idi və bonuslarla birgə 25 milyon avro olmalı idi. Amma 31 yaşlı sürücü çempion olduqdan 5 gün sonra 50 milyon avroluq müqaviləni ləğv edərək, təqaüdə çıxıb.
Rosberq müqavilə bağladıqdan sonra bu sözləri demişdi: “Mercedes-lə davam etmək üçün qızıl dəyərində müqavilə bağladım, amma qərarıma təsir edən pul deyildi. Buradakı yerim ayrıdır və işlərimə görə çox pul qazandım”.
Formula1 tarixinin 33-cü çempionu təqaüdə çıxdıqdan sonra bildirib ki, bu pul onu xoşbəxt etməyəcəkdi: “Müqaviləmdəki məbləğdən xəbərim var, amma bu məni xoşbəxt etməyəcəkdi. Mən missiyamı yerinə yetirdim və artıq gələcəyə baxıram”.