N.Mənsell: “Keçmiş yarışları indikilərlə müqayisə etmək olmaz”

Sabiq Formula1 sürücüsü Naycel Mənsell bildirib ki, müasir Formula1-lə keçmişdəkini müqayisə etmək doğru deyil.

F-1.az xatırladır ki, “Britaniya aslanı” ləqəbli sürücü 1980-1994-cü illərdə Formula1-də mübarizə aparmış və bu müddətdə 187 yarışa çıxmışdı. Bu yarışların 92-də mübarizəni vaxtından əvvəl dayandıran Mənsell qalan 95 yarışın 31-də qalib gəlmiş, 59-da podiuma yüksəlmişdi. Britaniyalı sürücü 1992-ci ildə çempion olduğu halda, 1986-cı, 1987-ci və 1991-ci illərdə çempionatda ikinci yeri tutmuşdu.

Naycel Mənsell: “Keçmişə baxsaq, hər şey yuxu kimidir. Hazırda vəziyyətin bu qədər dəyişdiyini görmək təəccüblüdür. Mənim dövrümün ən gözəl tərəfi rəqabət idi. 43 sürücü idik və 28-nə yarışmaq icazəsi verilirdi. Buna görə hamı əlindən gələni edirdi. Keçmişdə risk də çox idi. 70-90-cı illərdə güzgüyə baxırdınız və ölümə hazırlaşdığınızı düşünürdünüz. Keçmişdə baryerlər çox yaxın idilər və buna görə çox sürücü dünyasını dəyişdi. O günlərlə müqayisədə son 20 ildəki inqilab inanılmaz idi. O dövrlər mənimlə Keke Rosberq, Alen Prost kimi sürücülər mübarizə aparırdı.

Həmişə boliddən maksimumu almağa çalışdım. Azarkeşlərin sizi dəstəkləməsi üçün qələbə qazanmağınıza ehtiyac yox idi. Hər şey çox dəyişib. Qaza basmamışdan əvvəl ilişmə muftasına basmalı və mexaniki ötürmələr qutusu ilə ötürmələri dəyişməli idiniz. Vaxt itirməmək üçün düzgün ötürməyə keçməli idiniz. Bunlar sinxron formada olmalı idi. Amma artıq hər şey elektronikdir və müqayisə etmək çətindir. Təhlükəsizlik artıb və yarışlar riskli deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*