F-1.az xatırladır ki, britaniyalı əfsanəvi sürücü 1980-1994-cü illərdə Formula1-də yarışmış və 1992-ci ildə titula yiyələnmişdi.
Naycel Mənsell: “Karyerama baxanda peşman olurammı? Üç yerdən zədələnmiş onurğa, sınmış qollar, sınmış və əzilmiş ayaqlar və sol çiynimdə titan platin… İstənilən cərrahdan soruşsanız deyərlər ki, bu zədələr ömürboyu sizinlə qalacaq.
Mən yarışdığım illərdə sürücülər tez-tez dünyasını dəyişirdilər. Bu da sizə mənəvi cəhətdən təsir edirdi. Jil Vilnöv mənim dostum idi. Mənə tövsiyələr verərdi. Buna görə də Zolderdəki faciəvi qəzasını unuda bilmərəm. Onun düz arxasında idim və hər şeyin canlı şahidi oldum. Boliddən necə uçduğunu, dəmir torlara necə çırpıldığını gördüm. Başa düşdüm ki, həyatda qalmaq şansı yoxdur. İndiyə kimi gördüyüm ən şokedici hadisə idi. O vaxt çox məyus olmuşdum və hələ də oluram.
Səksəninci və doxsanıncı illərdə Formula1 çox riskli iş idi. Ölməsəniz də, baryerlərə çırpılanda yaralana bilərdiniz. Heç kim onu nəyin gözlədiyini bilmirdi. Ayrton Sennanın ölümü avtoidman üçün əsl faciə idi. Həm müsbət, həm də mənfi dəyişiklikləri oldu. Bütün trasları tamamilə təhlükəsiz hala gətirdilər və bu, doğru deyil.
Formula1 daha əvvəl yaxşı sürücüləri pis sürücülərdən fərqləndirən idman idi. İstedadınız olmasa, bir döngəyə 330 km/saatla girə bilməzdiniz. Ancaq indi hər şey fərqlidir. Lyuis o dövrlər uğurlu olardı, amma dövrləri müqayisə etmək çətindir. Əksər güclü sürücülər o vaxt qəza edərək zədələndilər və karyeralarını bitirdilər. Amma indiki dövrdə sürücülər qəza etsə də, yaralanmırlar. Boliddə çox az tərləyirlər. Boliddən çıxanda elə bil ki, saç ustasının yanından gəliblər. Bizim dövrümüzdə isə 180 yarışa çıxmışdınızsa və ölməmişdinizsə, deməli gözəl karyeranız olmuşdu. Bu isə bizim dövrün ən gözəl cəhəti idi”.