F-1.az xatırladır ki, almaniyalı sürücü daha əvvəl Britaniya və Yubiley Qran Prilərində Serxio Peresi əvəz etmişdi.
Ayfel Qran Prisinin üçüncü sərbəst yürüşlərində isə Ləns Stroll pis hiss etdiyi üçün trasa çıxa bilməyib. Buna görə də Racing Point komandası yenidən Hülkenberqin xidmətinə ehtiyac duyub.
Almaniyalı sürücü komandaya gec qoşulduğu üçün maşına da öyrəşməkdə çətinlik çəkib və nəticədə sıralanma turunda sonuncu – 20-ci – yeri tutub.
Niko Hülkenberq: “Əvvəlki vəziyyətə görə çox dəlisov vəziyyət idi. Həmin anda Kölndə idim və ora Nurburqrinqdən bir saat uzaqlıqdadır. Onsuz da nahardan sonra gəlib RTL-də şərhçilik edəcəkdim.
Səhər saat 11-də dostumla qəhvə içirdim. Otmar Safnauer mənə zəng elədi və dedi ki, Hülkenberq tez gəl, sənə ehtiyacımız var. Mən də tez maşına minib gəldim. Hazırda buradayam və buna “Qayıdış 2″ deyə bilərik.
Bolid Silverstouna nisbətən fərqli idi. İnkişaf var. Texniki cəhətdən bəzi dəyişikliklər var. Sürücüyə fərqli hisslər verir. Buna görə də onlara öyrəşməli idim. Bunu isə dörd dövrədə etmək asan deyildi. Yarışa sonuncu yerdən başlasam da, dövrələrimdən razıyam. Yarış çətin olacaq, amma əlimdən gələni edəcəm”.