F-1.az xatırladır ki, almaniyalı əfsanəvi sürücü 2010-cu ildə Mercedes ilə idmana qayıtmış, 2012-ci ilin sonunda isə yenidən təqaüdə yollanmışdı. “Gümüşü oxlar” 2014-cü ildən etibarən hegemonluğa başlamış və Həmilton arxada qalan 7 mövsümdə 6 çümpionluq qazanmışdı.
Norbert Hauq: “Mixael 7-ci dəfə çempion olanda düşünürdüm ki, bu rekord qırılmazdır. Daha sonra Lyuis Mercedes-lə titullar qazanmağa başladı.
Mixael və Lyuislə tanış olanda ikisi də uşaq idi. Mixael o vaxt Mercedes-in gənc sürücü proqramına qatılmışdı. Daha sonra 12 il ərzində rəqib komandalarda işlədik. Buna baxmayaraq, dostluğumuz davam etdi. Karyerasının sonunda isə Mercedes-ə qayıtdı.
Lyuis ilə 15 il işlədim. İlk kartinq yarışını və 2007-ci Kanada yarışında ilk qələbəsini xatırlayıram. 2012-ci ilin Çin yarışında Mercedes-in Formula1-dəki ilk qələbəsi yadıma düşür. İndi isə Mercedes-in idmanda 100-dən çox qələbəsi var. Lyuis də tezliklə 100-dən artıq qələbə qazanacaq.
İkisi də özlərini işlərinə həsr etdilər və maksimumu hədəflədilər. Həmişə əllərindəkinə qane olmayıb daha yaxşısını tələb etdilər. Əks halda çempionluq mümkünsüzdür.
Mixael Mercedes-in inkişafında böyük rol oynadı. Ross Braunla komandaya təcrübə qazandırdılar.
Mixaelin ayrılışının Lyuislə əlaqəsi yox idi. O, təqaüdə çıxanda 44 yaşı var idi. Ancaq qalsaydı, qələbələr və çempionluqlar qazana bilərdi”.