N.Arpadarai: “Növbəti yarışımız daha əyləncəli olacaq”

68-ci dünya çempionatı sona yaxınlaşır. Arxada qalan yarışlara bir daha nəzər saldıqda, tam əminliklə deyə bilərik ki, mövsümün ən maraqlı yarışı Azərbaycan Qran Prisi olmuşdu. Maraqlıdır ki, bu il titul uğrunda mübarizə aparan iki sürücüdən heç biri Bakıda podiuma belə qalxa bilməmişdi.

Artıq milli yarışımızın təşkilatçısı olan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti növbəti yarışımızın hazırlıqlarına başlayıb. F-1.az geridə qalan yarışımız və gələn il apreldə keçiriləcək növbəti yarışımız barədə BŞH-nin marketinq və kommunikasiya departamentinin başçısı Nigar Arpadarai ilə görüşüb söhbət edib…

– Nigar xanım, gəlin əvvəlcə geridə qoyduğumuz Azərbaycan Qran Prisi barədə danışaq. Maraqlı olardı ki, fikirlərinizi 2016-cı ildə baş tutmuş Avropa Qran Prisi ilə müqayisəli şəkildə bildirəsiniz.

– Ümumiyyətlə, builki yarış çox möhtəşəm keçdi. Həm təşkilatçılıq baxımından, həm də bir fanat gözü ilə baxsaq, məncə, bu yarışımız çox maraqlı oldu. 2016-cı illə müqayisə etsək, əlbəttə, o yarış bizim üçün xüsusi olaraq qalacaq. Çünki ilk yarışımız idi. Uzun illər yarışlar təşkil etsək belə, ilk yarışın yeri tamamilə başqadır. Amma təşkilatçılıq tərəfdən baxsaq, biz 2017-ci ildə çalışmışdıq ki, bir il əvvəl üzə çıxan kişik problemləri aradan qaldıraq. Düşünürəm ki, bu il həm əyləncə zonası baxımından, həm də təşkilatçılıq baxımından əlimizdən gələni etmişdik və hər şey uğurlu alınmışdı. Başqa təşkilatçıların etmədiyi bir çox şeyi etmişdik. Məsələn, jurnalistlər üçün şəhərin görməli yerlərinə turlar var idi, onlar üçün kokteyl təşkil olunmuşdu və s. Bakıya gələn hər kəs burada olduğu müddətdə zövq aldı, şəhərlə tanışlıq yaxşı keçdi. Lakin elə şeylər var ki, təşkilatçıdan asılı deyil. Məsələn, yarışın necə keçəcəyi. Bu, tamamilə yarışın idman tərəfidir və sürücülərdən asılı olan bir şeydir. Biz narahat idik ki, təşkilatçı kimi hər şeyi edəcəyik, lakin yarış maraqsız alınar. Lakin sevinirik ki, yarış çox maraqlı alındı.

– Bu il tamaşaçıların marağı da keçən illə müqayisədə daha çox idi. Bu, özünü tribunalardakı, əyləncə zonasındakı insanların sayında da göstərirdi. Bu barədə bir də sizdən eşitmək maraqlı olar.

– Bəli, bu il ciddi nəzərə çarpan fərqlər var idi. Məsələn, dörd gün ərzində əyləncə zonasına ümumilikdə 71 mindən çox insan gəlmişdi. Bu da keçən illə müqayisədə 30% çox idi. Xarici turistlərin sayı ilk yarışımızda olandan iki dəfə çox idi. Tribunalardan altısına biletlər tam satılmışdı. Qalan tribunaların da minimum 95%-i dolmuşdu. 2016-cı ildən fərqli olaraq, əlavə iki zonamız açılmışdı. Bunlar Sahil və Sabir bağlarındakı zonalar idi. Orada qiymətlər bildiyiniz kimi, çox ucuz idi. Bu addımı çox da imkanı olmayan, lakin Formula1-ə marağı olan insanlar üçün atmışdıq. Digər ölkələrdəki bilet qiymətlərinə baxsanız görərsiz ki, onlarda çox baha olur.

– Tribunalarda artıq cümə günündən etibarən canlanma var idi və bu da bazar günü yarışa marağın çox olacağından xəbər verirdi…

– Bəli, bir şeyi də qeyd edim, bu il pit-leyn gəzintisində 5 minə yaxın tamaşaçı iştirak edib. Bu, bizim üçün gözəl göstəricidir. Biz düşünürdük ki, yerli sakinlərin yarışa marağı çox deyil, lakin pit-leyn gəzintisi üçün olan növbəni, axını gördükdə çox sevindik. Nəzərə almaq lazımdır ki, bu, ancaq dördgünlük bilet alan azarkeşlərə yaradılmış imkan idi.

– Yarışımız çox maraqlı keçdi və bunun özü ən böyük PR-dır. Gələn il daha çox yerli və xarici azarkeş yarışımızı tribunadan izləmək istəyəcək. Bu amil nəzərə alınaraq tribunaların azarkeş tutumunun artırılması planlaşdırılıb?

– Hələ nəzərdə tutulmayıb. Bizdə şəhər trası olduğu üçün yer məhduddur. Yerləri artırmaq imkanlarımız elə də çox deyil. Tribunalarımız elə qurulub ki, azarkeşlər üçün həm görüntü baxımından, həm də giriş-çıxış baxımından rahat olsun. Biz keçən il müşahidə etdik ki, yeni açılmış iki zonaya da azarkeşlər yığışıblar və yarışı seyr edirlər. Əsl azarkeş üçün yarışı haradan izləməsinin fərqi yoxdur. Buna görə də, tamaşaçı artımı olsa belə, hamının yarışa baxa biləcəyini düşünürük.

– Keçək yeni mövsümə hazırlıqlara. Hələ yeni başlamısınız. İşlər necə gedir?

– Bu il daha tez başlamışıq. Əvvəlki illər planlarımızı qurmaq, işlərimizi görmək üçün daha çox vaxtımız var idi. Bu il isə işə intensiv başlamışıq. Yarışımız apreldə baş tutacaq. Vaxtımız keçən illə müqayisədə 2 ay azdır və bu, əlbəttə ki, planlarımıza təsir edəcək. Lakin işlərimizi düzgün planlaşdıraraq çatdıra bilərik. Bu il bilet satışına da tez başlayacağıq. O barədə bir müddət sonra məlumat verəcəyik. Təxminən gələn ayın sonuna və ya noyabrın əvvəllərindən gec olmayaraq satışa start verməliyik.

– Yarışın aprel ayına salınması tamaşaçı sayına mənfi təsir edə bilər? Çünki həmin vaxt Bakıda hava soyuq və küləkli olur…

– Əlbəttə, bizim üçün də bu il necə olacağı maraqlıdır. Lakin fikirlər müxtəlifdir. Bəzi insanlar yayda Bakıda havanın çox isti olduğunu bildirirlər və apreldə daha yaxşı olacağını deyirlər. Düşünürəm ki, gələnlər çox olacaq, çünki Bakıdakı yarışın artıq öz formatı var. Bilirlər ki, əyləncələrlə doludur və maraqlı olacaq. Buna görə də, hava pis olsa belə, gələcəklər.

– Bəs növbəti illərdə təqvimdəki yerimiz necə olacaq? Yarışımız yay aylarına qayıdacaq, yoxsa yenə yazda keçirilməsi planlaşdırılıb?

– Biz istəyirik ki, növbəti illərdə yarışımız yay aylarında baş tutsun. Çünki Bakıda şərait yayda daha yaxşı olur. Məsələn, apreldə yağışdan başqa, güclü külək də ola bilər.

– Yollardakı işlərə nə vaxt başlanması planlaşdırılıb?

– Gələn ilin əvvəllərindən bu işlərə başlayacağıq. O sahədə elə də çox işimiz yoxdur. Bir çox şey, məsələn paddok binası, yerüstü keçidlər sökülməyib. Asfalt örtüyü ilə bağlı işimiz olmayacaq. Hətta qənbər daşların olduğu ərazilərdəki asfalt örtüyü də qalıb.

– Yəqin ki, bizi bu dəfə də maraqlı əyləncə proqramları gözləyir…

– Mütləq. Bakıda baş tutan Formula1 əyləncəsiz olmayacaq. Yenə də azarkeşləri konsertlər və maraqlı əyləncə proqramları gözləyir. Bizim əyləncə zonamız digər yarış təşkil edən ölkələrdəkindən daha böyük və daha gözəldir. Hazırda bunun üzərində iş gedir.

– Təbii ki, yarış həftəsonuna dəvət olunan məşhur simalar əsasən müğənnilər olur. Lakin İtaliya Qran Prisində yəqin ki, fikir verdiniz, məşhur “Game of Thrones” serialının əsas obrazlarından olan Con Snovu canlandıran aktyor Kit Harinqton da yarışı izləyənlər arasında idi.

– Bəli, bu, çox gözəl təşəbbüs idi. Onların Harinqtonu dəvət etmələri çox vaxtına düşdü, çünki İtaliyadakı yarışla serialın yeni 7-ci mövsümünün son bölümünün başlaması demək olar ki, üst-üstə düşürdü. Bu, Formula1 rəhbərliyinin olduqca ağıllı marketinq addımı idi. Əlbəttə, biz də düşünəcəyik. Bu il biz Rusiyadan və başqa ölkələrdən məşhur bloqqerləri dəvət etmişdik. Düzdür, yeni adlar hələ məlum deyil, lakin bunun üzərində çalışırıq. Yayda bizdə bir çox yenilik oldu. Məsələn, sürücülərin avtoqraf sessiyalarını sosial şəbəkələr vasitəsilə canlı yayımladıq. Bunu pit-leyn gəzintisi zamanı da tətbiq etdik. Ümumiyyətlə, Formula1 rəhbərliyi dəyişdikdən sonra bu sahələrdə işimiz asanlaşıb. Biz bu il də çalışacağıq ki, nüfuzlu insanları yarışımıza dəvət edək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*