F-1.az bildirir ki, bu hadisə Formula1-in unudulmaz anlarından biridir.
Mark Uebber 2013-cü ilin Malayziya yarışında son dövrələrə lider girirdi. Sonuncu pit-stopdan sonra komanda avstraliyalı sürücünün mühərriyinin gücünü azaldaraq qənaət rejiminə keçirmişdilər. Plana görə ikinci yerdə gedən Fettel komanda yoldaşına hücum etməməli idi. Lakin almaniyalı nəinki Uebberə yaxınlaşdı, hətta, hücum da etməyə başladı. Radiodan Sebastyana “onunla aranda boşluq burax və yerini qoru” desələr də, dövrün üçqat Dünya Çempionu birinci döngədə komanda yoldaşı ilə yan-yana gəldi. Horner radiodan “Seb, bu axmaqlıqdır” desə də, Fettel komanda yoldaşını geridə qoydu. Uebber komandasına radiodan rişxəndlə “yaxşı komanda işidir” dedi və komanda körpüsündən “ona dedik” cavabını aldı.
Fettel finiş xəttini keçərkən komandası ona “Əla iş gördün, Sebastyan. Bunu çox istəyirdin, amma bəzi açıqlamalar verməlisən” dedi.
Kristian Horner təxminən 5 il yarımdan sonra bu hadisə barədə izahat verib: “O vaxt Mark bunu qəbul edə bilməsə də, Sebastyan sürətli idi və Mark onu məğlub etmək üçün hər şeyi etməyə hazır idi. Komanda olaraq problemləri gizlətməyə çalışırdıq. Amma hər şey daha da çətinləşirdi.
Hər şey 2012-ci ilin son yarışı Braziliyada başlandı. Sebastyan rəqibi Alonso ilə çempionluq uğrunda mübarizə aparırdı və Mark yarışın startında Sebastyanı divara sıxaraq onun geriləməsinə səbəb oldu. Beləliklə, Bruno Senna ilə təmas yaşandı və Sebastyan buna görə əsəbi idi. Amma hər şey Malayziyada üzə çıxdı. Əslində mövsümün ikinci yarışı idi. Markın bolidi öndə idi və Sebastyan yeni təkərlərlə öndə idi. Təkərlər isə tez yeyildiyi üçün yerini qorumasını istədik. Lakin Fettel fərqli düşündü”.