Sürətli başlanğıc
Red Bull Monakoda həftəsonuna çox güclü başlanğıc etdi və cümə axşamı sərbəst yürüşlərində ilk iki yeri tutaraq fanatlarını ümidləndirmiş oldu. Lakin həyəcan hələ də davam edirdi. Çünki Red Bull komandası əksər Qran Prilərdə cümə günləri sürətli olsa da, tempini bütün həftəsonuna əks etdirməkdə çəkinlik çəkmişdi.
Sevinc və kədər
Şənbə günü sıralanma turundan əvvəl keçirilən son sərbəst yürüşlərdə də Red Bull üstünlüyünü davam etdirdi. Artıq hamı düşünürdü ki, “qırmızı öküzlər” 2013-cü ilin ABŞ yarışından sonra ilk dəfə birinci cərgəni zəbt edəcəklər. Lakin 3-cü sərbəst yürüşlərin son dəqiqələrində Ferstappen bolidini baryerlərə vurdu. Mexaniklər əllərindən gələni etsələr də, 20 yaşlı vunderkindin maşını sıralanma turuna hazır olmadı. Bu isə hollandiyalı sürücünün Monakodakı yarışa sonuncu yerdən başlayacağı demək idi.
Daniel Rikkardo isə 3 sərbəst yürüşlərdəki üstünlüyünü sıralanma turuna da əks etdirə bildi. Avstraliyalı gülərüz sürücü 1:10.810 zaman nəticəsi ilə Monako trasının dövrəvi rekordunu qırdı və komanda yoldaşı Ferstappendən fərqli olaraq, komandasını sevinidirdi. Beləliklə, Formula1-də 2005-ci ilin Avstraliya Qran Prisində debüt edən Red Bull komandası 250-ci yarışı olan Monakoya pouldan başlayacaqdı.
Amma hamıda bir şübhə var idi. Çünki Rikkardo iki il əvvəl də Monakodakı yarışa pouldan başlamış, ancaq Red Bull komandası avstraliyalı sürücünü pitdə gecikdirərək, qələbəni Lyuis Həmiltona hədiyyə etmişdi. Bu situasiyanı və Ferstappenin sonuncu yerdən start alacağını düşündükdə komanda körpüsünün boynuna ağır yük düşürdü.
Rikkardo yarımçıq qalmış işi iki ildən sonra bitirdi, amma necə?
Rikkardo iki ildən sonra pouldan başladığı yarışda yaxşı start alıb yerini qoruyarkən, Ferstappen də 20-ci yerdən 18-ci yerə yüksələ bildi. Avstraliyalı sürücü pit-stopdan sonra əsas rəqibi Fettellə aradakı fərqi artırsa da, birdən temp itirməyə başladı. 3 nömrəli boliddə mühərrik problemi yaşanırdı. Rikkardo güc qurğusundakı MGU-K probleminə görə 25 faiz güc itirirdi. Bu səbəbdən arxa əyləclər də həddən artıq qızmağa və ötürmələr qutusunda problemlər yaranmağa başladı. Gülərüz sürücü əyləclərini saxlamaq üçün döngələrdə ayağını qaz pedalından tez çəkməli idi. Belə olan halda təkərlərin temperaturu da düşürdü və çəndəki yanacaq azalmırdı. Maşın o qədər yavaş gedirdi ki, 7-ci və 8-ci ötürmələrə keçmirdi. Buna görə də artıq onun üzü gülmürdü. Fettel və Həmilton avstraliyalı sürücü ilə fərqi azaltsalar da, Rikkardo əzmlə yerini qoruyurdu. Əksəriyyət isə iki il əvvəlki pis ssenarinin təkrarlanacağından qorxurdu. Rikkardo növbəti dəfə Monakoda pouldan başladığı yarışda qələbə qazana bilməyəcəkdi? Lakin bütün çətinliklərə və problemlərə baxmayaraq, Daniel yüksək əzmkarlıq göstərərək, yarışı iki dördqat Dünya Çempionunun önündə bitirə bildi. Bu, Rikkardonun Monakodakı ilk qələbəsi olmaqla yanaşı, karyerasındakı ilk dublu oldu.
Digər tərəfdən, Maks Ferstappen yüksək əzmkarlıq göstərərək, Monako kimi ötmələrə imkan verməyən trasda 20-ci yerdən 9-cu yerə yüksələ bildi və xal hesabını artırdı.
Xatırladaq ki, Red Bull ilk podiumunu 2006-cı ildə Devid Kulthardla Monakoda qazanmışdı.
Növbəti dayanacaq – Kanada
Növbədə isə Kanada yarışı var. Red Bull bu trasda 2013-cü ildə Fettellə, 2014-cü ildə isə Rikkardo ilə qələbələr qazana bilmişdi. Hətta, Danielin 2014-cü ildəki qələbəsi onun karyerasında ilk idi. Buna görə də, Monrealdakı Qran Pri Monako yarışının qəhrəmanı üçün xüsusi yerə sahibdir. Bəs əfsanəvi Jil Vilnövün adını daşıyan bu trasda Rikkardo növbəti qələbəsini qazana biləcək? Yoxsa Lyuis Həmilton Kandadada 7-ci qələbəsini qazanaraq bu statistikada Mixael Şumaxerə çatacaq? Bəs Fettel? 4 yarışlıq qələbəsizlik seriyasına son qoyacaq? Yoxsa Ferstappen və ya Rəykkönen qələbə ilə tənqidçilərini susduracaqlar? Bunların cavabını bilmək üçün bizi izləməyə davam edin.