McLaren komandasının başçısı Martin Uitmarşın fikrincə, komanda hazırkı sürücüləri ilə uzunmüddətli müqavilə bağlamalıdır ki, Lyuis Həmilton və Censon Battonun xidmətlərindən ən azı yaxın beş il istifadə edə bilsinlər.
İki britaniyalı çempion 2009-cu ilin sonundan bir yerdə çıxış edirlər, Həmiltonla komandanın münasibətləri isə on ildən artıqdır ki, davam edir, amma son vaxtlar britaniyalı sürücü rəqabətədavamlı texnika almadığı halda başqa komandalara üz tutacağını bildirib…
Martin Uitmarş: “Əvvəllər də biz sürücülərimizlə uzunmüddətli müqavilələr bağlayırdıq və mən ümid edirəm ki, indi də müqavilələr uzunmüddətli olacaq. Censon daxili harmoniya şəraitində işləyir, onun Formula1-dən xoşu gəlir. Mən onun McLaren-də hələ ən azı beş il qalmasına mane ola biləcək heç bir psixoloji problem görmürəm.”
Uitmarşın fikrincə, komandanın hər iki sürücüsü hazırda əla formadadırlar və hələ uzun müddət bu formada olacaqlar: “Censon istəsə, beş il yaxşı formada qala bilər, Lyuis isə yarışlarda hələ on il starta çıxacaq.”