Mövsümün yekunları-2017: Williams Martini Racing

Formula1 üzrə 67-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Williams Mühəndislər Kubokunda yenə beşinci olub. Lakin əvvəlki illə müqayisədə, daha az xal toplayıb və Mercedes motorlarından istifadə edən komandalar arasında ən zəif nəticəni göstərib.

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
19 Felipe Massa 19 11 43 6 6
18 Ləns Stroll 20 12 40 2 3

 

Williams Racing Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2017 20 5 83 2 3
2016 21 5 138 2 3
2015 19 3 257 3 3
2014 19 3 320 1 2
2013 19 9 5 3 8

Williams komandası FW38-dən sonra FW39 adından istifadə etməyib – komandanın 40 illik yubileyi münasibəti ilə maşına FW40 adı verilib. Maşının hazırlanmasına Pət Simonds rəhbərlik edib. Mercedes-dən komandaya gələn və texniki direktor vəzifəsini tutan Pəddi Lou isə bu məsələyə təsir göstərə bilməzdi. Niko Rosberqin gözlənilmədən idmandan getməsindən sonra Valtteri Bottas Mercedes-ə dəvət olunub. Bu keçid Williams-a xeyli maddi qazanc verib. Komanda təcrübəli Censon Battonla danışıqlar aparsa da, bir nəticəsi olmayıb. Yekunda karyerasını bitirməyə qərar vermiş Felipe Massa daha bir il yarışmaq üçün razı salınıb.

Komandanın gənc üzvü Ləns Stroll 2014-cü ilin maşını ilə testlərdə iştirak edib və təcrübə toplayıb. Buna etirazlar edilsə də, qaydalara zidd olmayıb. Atasının var-dövləti Lənsə bu imkanı verib. Testlər gənc kanadalı üçün yaxşı başlamayıb və ilk gün qəza edərək maşının ön qanadını qırıb. Testlərdə, hətta mövsümün əksər yarışlarında sərbəst yürüşlərdə də Massa və Stroll komandanın proqramını paylaşıblar.

Melburndakı ilk yarışda Felipe altıncı yeri tutub. Bu, komandanın mövsüm ərzində şanslarının pis olmayacağını göstərib, lakin Massa heç bir yarışda daha yaxşı nəticə göstərə bilməyib, sadəcə Bəhreyndə təkrarlayıb. İlk yarışlar Ləns üçün uğursuz alınıb – üzərində çox təzyiq olan gənc sürücü hətta ehtiyatlı sürməsinə baxmayaraq, dəfələrlə qəza edib. Lakin hər şey yavaş-yavaş yoluna düşüb. Növbəti üç yarışda finiş görsə də, xal zonasına düşə bilməyib. Öz vətənində ilk xallarını qazanıb, Bakıda isə gözlənilmədən podiuma yüksəlib.

Komanda üçün ən uğurlu yarış elə paytaxtımızdakı yarış olub. Səkkizinci yerdən start alan Ləns son anlara qədər ikinci yerdə olsa da, finişə cəmi bir neçə metr qalmış Bottasa keçilib. Lakin bu podium onun öz gücünə inanmasına kömək edib. Williams mövsümboyu sabit çıxış edib – yay fasiləsinə qədər 41, sonra isə 42 xal toplayıb. Cəmi üç yarışda hər iki sürücü xal zonasına düşüb. Mercedes-in müştərisi olan digər komandaya – Force İndia-ya 100 xaldan çox fərqlə uduzmasaydılar, nəticələri çox da uğursuz hesab edilməzdi.

Bunun bir neçə səbəbi olub. Force İndia-nın hazırladığı maşın bütün cəhətlərdən sürətli olub. Lakin FW40 asfaltayatma qüvvəsinin çox tələb olunduğu traslarda və yağışlı havalarda pis təsir bağışlayıb. Yayda hazırlanan yeniliklər kifayət qədər səmərəli olmayıb, komanda artıq Renault və McLaren-dən də geri qalmağa başlayıb.

Massa Macarıstanda özünü pis hiss edib. Şənbə günü səhər yaxşılaşsa da, vəziyyət sonra yenidən pisləşib və onu Pol di Resta əvəzləyib. Pol 2013-cü ildən bu vaxta qədər rəsmi sessiyalarda iştirak etməmişdi, lakin sıralanma turunda sonuncu yeri tutmayıb – Sauber-in çox təndiq olunan sürücüsü Markus Erikssonu üstələməyə nail olub.

Payıza komanda Massa ilə müqaviləni uzatmayıb. Braziliyalı sürücü mövsümün sonunda bir daha karyerasını bitirdiyini açıqlayıb. Williams Pol di Resta və Robert Kubitsanı testlər üçün dəvət edib, 2018-ci ildə komandada yarışmaq üçün olan namizədlər siyahısına Toro Rosso-dan ayrılmış Daniil Kvyat və Sauber-in komandada saxlamaq istəmədiyi istedadlı Paskal Verlyayn da qoşulub. Əbu Dabidə mövsüm başa çatdıqdan sonra baş tutan testlərdə isə Kubitsa ilə yanaşı, Sergey Sirotkin də iştirak edib.

Növbəti mövsüm üçün komandanın maşınını Pəddi Lou hazırlayır. O, Mercedes mühərriklərini əla tanıyır və bu imkanlarla sürətli maşın hazırlamağın yollarını yaxşı bilir. İki il Mühəndislər Kubokunda üçüncü olduqdan sonra, iki il də beşinci nəticə göstərilib. Komandanın gələn mövsüm necə çıxış edəcəyi ən çox maraq doğuran məsələlərdən biridir…

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*