Mövsümün yekunları-2017: Scuderia Toro Rosso

Formula1 üzrə 68-ci mövsüm və 2017-ci il artıq geridə qalıb. F-1.az hər bir komandanın keçən il ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Ardıcıl 4 ildir ki, Toro Rosso komandası Mühəndislər Kubokunda 7-ci yeri tutur. Lakin bu mövsümlərin hamısı fərqli alınıb.

N Sürücü Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
55 Karlos Sayns 20/16 9 54/48 6 4
26 Daniil Kvyat 15 19 5 9 9
10 Pyer Qasli 5 21 0 14 12
28 Brendon Hartli 4 23 0 17 13

Qalın şriftlə sürücülərin Toro Rossonun tərkibindəki nəticələri göstərilib.

Scuderia Toro Rosso Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2017 20 7 53 6 4
2016 21 7 63 5 6
2015 19 7 67 5 4
2014 19 7 30 5 6
2013 19 8 33 5 6

Toro Rosso olduqca gözəl rəng çalarları olan STR12-ni qış testlərinə bir gün qalmış təqdim edib. Komanda 2016-cı ildə köhnə Ferrari motorlarından istifadə etmişdisə də, bu dəfə Red Bull kimi yeni Renault motorlarına sahib olub. Rəhbərliyin mövsümün əvvəlində seçdiyi hədəf komandanın buna qədər bacarmadığı bir şey olub – Mühəndislər Kubokunda beşinci yeri tutmaq.

Keçən ilin sonunda komandanın sürücüərini dəyişəcəyi ilə bağlı çox danışılsa da, Karlos Sayns və Daniil Kvyatla müqavilə uzadılıb. Toro Rosso-nun sürücü heyəti orta yaşına görə ən gənc, lakin kifayət qədər təcrübəli olub. Qış testləri problemsiz ötüşməyib – transmissiyada, güc qurğusunda olan nasazlıqlara görə komanda ilk günlərdə qət edilən məsafəyə görə sonuncu yerdə olub. Lakin ikinci testlərdə vəziyyət düzəlib.

Avstraliyada baş tutan mövsümün ilk yarışı komanda üçün uğurlu alınıb – finiş xəttini Sayns səkkizinci, Kvyat isə doqquzuncu keçib və hər iki sürücü xal qazanıb. Sayns daha sonra Çində yeddinci olsa da, Kvyat üçün bu nəticə mövsümdə ən yaxşı olub. Rus sürücü sadəcə Barselonada eyni nəticəni göstərə bilib. Sayns komanda yoldaşı ilə müqayisədə daha yaxşı çıxış edib – sıralanma turlarında əksər hallarda onu qabaqlayıb, sabit nəticələr göstərərək xal ehtiyatını artırıb. Lakin Kvyatın işləri heç də yaxşı getməyib və bir neçə dəfə qəza edib.

STR12-nin ən zəif cəhətlərindən biri səmərəli işlədiyi iş diapazonunun darlığı olub. Dəfələrlə məşqlərdə hər şey qaydasında görünsə də, sonra temperaturun bir neçə dərəcə dəyişməsi nəticələrə kəskin təsir edib. Maşınlar adətən reqlament dəyişikliyindən sonra sürətlə inkişaf edirlər. Toro Rosso bu sahədə rəqiblərinə xeyli uduzub. Yeniliklər çox olmayıb, daha pisi isə, onların hamısının işləməməsi olub. Komanda diqqətini asfaltayatma qüvvəsinin artırılmasına yönəldib, lakin çalışmalar effekt verməyib. Rəqiblərin də “yerində saymaması” maşının rəqabət gücünü aşağı salıb.

Bütün bunlar komandanın rəqabətdən geri çəkilməsi ilə nəticələnib. Hər nə qədər Sayns Sinqapurda dördücnü nəticə göstərsə də, komanda mövsümün ikinci hisəssində fasilədən əvvəlki ilə müqayisədə üç dəfə az xal toplayıb. Marina Beydəki həmin yarışda Kvyat qəza edib və komanda onu əvəzləməyi qərara alıb.

Malayziya Qran Prisindən əvvəl Helmut Marko 2016-cı ildə GP2-də titul qazandıqdan sonra Super Formula seriyasında yarışan Pyer Qaslinin Sepanqda sükan arxasına keçəcəyini açıqlayıb. ABŞ Qran Prisində Kvyat geri qayıdıb. O, Super Formula-da mövsümün son yarışına çıxan və titul uğrunda mübarizə aparan Qaslini əvəzləyib. Renault-ya keçən Saynsın yerinə isə illər əvvəl Red Bull-un sürücü akademiyasınıın üzvü olmuş Brendon Hartli gətirilib.

Kvyat ABŞ-da pis çıxış etməyib, lakin Helmut Marko onunla əməkdaşlığın başa çatdığını açıqlayıb. Qasli-Hartli ikilisi mövsümün son üç yarışında heç bir xal qazana bilməyiblər. Lakin bunun əsas səbəbi sürücülər olmayıb. Onlar son yarışların hamısında startda yer itirməklə cəzalandırılıblar. Onlar digər Renault motorundan istifadə edən komandalarla müqayisədə MGU-H və turbində daha çox problemlə qarşılaşıblar. Renault bunda komandanın mühəndislərini günahlandırıb, lakin Helmut Marko tərəflər arasında yaranmış mübahisənin kəsilməsinə nail olub.

Toro Rosso növbəti mövsüm iki daha az təcrübəsi olan sürücü ilə yoluna davam edəcək. Üstəlik, bu dəfə motor təchizatçısı son illərin ən uğursuz Honda-sıdır. Komandanın rəhbərliyi isə inanır ki, onlar Honda ilə hər şeyə yenidən uğurlu start verəcəklər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*