Mövsümün yekunları-2017: Sauber F1 Team

Formula1 üzrə 68-ci mövsüm və 2017-ci il artıq geridə qalıb. F-1.az hər bir komandanın keçən il ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Sahibini dəyişən komanda keçirdiyi növbəti “keçid” mövsümünü sonuncu pillədə başa vurub – buna 2016-cı ildə yaşanan maliyyə problemləri də təsir edib.

N Sürücü Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
94 Paskal Verlyayn 18 18 5 12 8
9 Markus Eriksson 20 20 0 11 11
36 Antonio Covinatsi 2 23 0 16 12

 

Sauber F1 Team Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2017 20 10 5 11 8
2016 21 10 2 14 9
2015 19 8 36 8 5
2014 19 10 0 9 11
2013 19 7 57 3 4

Sauber-in zəif çıxışının əsas səbəbi yeni motorları almağa maddi gücü olmadığı üçün Ferrari-nin keçən il üçün istehsal etdiyi güc qurğuları ilə çıxış etməsi olub. Komanda aerodinamik həllərlə bu fərqi bağlamağı düşünürdü, lakin mövsümün ortasından etibarən digər komandaların istifadə etdiyi cari güc qurğularının inkişafı onların əleyhinə işləmişdi. Keçən ilin yayında komandanın yeni sahiblər tərəfindən alınması maddi problemləri həll etmişdisə də, qış testlərində məlum olmuşdu ki, rəqiblərlə aradakı fərq böyükdür.

Komanda çox gec – yanvarın 16-da təsdiq etmişdi ki, Erikssonun komanda yoldaşı Verlyayn olacaq. Alman sürücü bundan bir neçə gün sonra Çempionlar Yarışında ciddi qəzaya uğrayaraq onurğa sütunu zədələndiyi üçün qış testləri ilə yanaşı mövsümün ilk iki yarışını buraxmalı olmuşdu. Onu həmin yarışlarda Antonio Covinatsi əvəzləmişdi.

Komanda ilk xallarını İspaniyada qazanıb – liderlər qrupundan bir neçə sürücünün yarışı başa vura bilməməsi Paskalın yekunda səkkizinci olmasına imkan yaradıb. Yeri gəlmişkən, Sauber-in keçmiş sahibi Peter Zauber də komandanın 25 illik yubileyini qeyd etmək üçün Barselonada olub və qazanılan bu xallar yerinə düşüb.

Monişa Kaltenborn aprel ayında Honda ilə 2018-ci il üçün müqavilə imzalayıb, lakin bu razılıq bir neçə ay sonra ləğv edilib. Bakıdakı yarış ərəfəsində gözlənilmədən Kaltenbornun istefası barədə xəbər yayılıb. Bu barədə hər hansı bir rəsmi məlumat verilməsə də, komanda bir neçə yarışa rəhbərsiz gedib. Nəhayət, iyul ayında Sauber komandasının başçısı postuna Renault-dan ayrılmış Frederik Vassyör gətirilib. Fransız mütəxəssisə komandada dərhal bir neçə vəzifə tapşırılıb. Vassyörün ilk qərarlarından biri Honda ilə bağlanmış müqavilənin pozulması olub. Bur neçə gün içində yenidən Ferrari ilə razılıq əldə olunub.

Komanda mövsümün sonuna qədər “sabit” çıxışını davam etdirib. Rəqiblərlə fərq getdikcə böyüyüb, lakin problem təkcə güc qurğusunda olmayıb, həm də maşında asfaltayatma qüvvəsi az olub və təkərlərdən səmərəli istifadə mümkün olmayıb. Həm də komanda keçən il maliyyə böhranına görə bir çox əməkdaşı çıxarmışdı, yeni gələn işçilərin hamısı isə İsveçrəyə köçürülməyib. Bu ilin maşınını təkmilləşdirmək faydasız olduğundan, əsas diqqət növbəti il istifadə olunacaq maşına yönəldilib.

Eriksson ardıcıl ikinci mövsümdə də komanda yoldaşına həm sıralanma turunda (9-11) həm də yarışlarda qazanılan xallara görə (0-5) məğlub olub. İki mövsümdür ki, heç bir xal qazana bilməyən isveçli sürücü Sauber-in yeni sahiblərinin köməkliyi ilə komandadakı yerini qoruyur…

Bir çoxları deyirdilər ki, yekunda Sauber komandası bu və ya digər dərəcədə Haas komandası kimi Ferrari-nin törəmə komandasına çevriləcək. Formal olaraq tərəflər bu faktı təsdiq etməsələr də, Sauber komandası Ferrari-nin Gənc Sürücülər Akademiyasının iki dinləyicisi ilə müqavilə imzalayıb.

Gələn il Erikssonun komanda yoldaşı bu mövsüm Formula2-də dominantlıq edən Şarl Lekler olacaq. Antonio Covinatsi isə ehtiyat sürücü statusunu alıb və cümə günü məşqlərində əsas sürücülərdən birini əvəzləyəcək. Təəssüf ki, Mercedes-in yetirməsi olan Verlyaynın Sauber-dəki karyerası başa çatıb, halbuki komandanın mövsüm ərzindəki bütün xallarını məhz o qazanmışdı.

Komandanın maliyyə və texniki mənbələri ilə yanaşı, Yorq Tsanderin təcrübəsi gələn il üçün səmərəli şassi qurmağa imkan verir. Bu dəfə Ferrari-nin yeni motorlarından istifadə edəcəklər və bu, ən azından Haas komandası ilə mübarizə aparmağa şərait yaratmalıdır.

Sauber-in sahiblərinin və komanda rəhbərliyinin nikbin planlarına əsaslansaq, gələn mövsüm uğurlu olmalıdır. Pozitiv düşünməyə əsas da yaranıb. Artıq onların yeni titul sponsoru var və komanda Alfa Romeo Sauber F1 Team adlanalacaq. Alfa Romeo-nun rəngləri altında çıxış edən komandaya publikanın münasibəti də fərqli olacaq…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*