Mövsümün yekunları-2017: Sahara Force İndia

Formula1 üzrə 67-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Force İndia 2017-ci ildə 10 illik tarixinin ən yaxşı nəticəsini təkrarlayıb – komanda 2016-cı ildəki kimi, Mühəndislər Kubokunda dördüncü olub, lakin bu dəfə daha çox xal qazanıb.

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
11 Serxio Peres 20 7 100 5 4
31 Esteban Okon 20 8 87 3 5

 

Sahara Force İndia F1 Team Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2017 20 4 187 3 4
2016 21 4 173 2 3
2015 19 5 136 4 3
2014 19 6 155 4 3
2013 19 6 77 5 4

Əndi Qrinin rəhbərliyi altında hazırlanan VJM10 fevralın sonunda  təqdim olunarkən komandanın ənənəvi rənglərinə sahib olub. Lakin bir qədər sonra BWT şirkəti ilə müqavilə bağlanıb və maşınlar şirkətin rənginə – çəhrayıya boyanıb. Bundan başqa, avadanlıqların, sürücülərin geyimlərinin də rəngləri dəyişdirilib. Çəhrayı rəngə yarış traslarında çox rast gəlinmədiyindən, maşın görünüşü ilə xeyli fərqlənib. Sürücülər dəbilqələrin rəng çalarlarının dəyişilməsinə könülsüz razılıq veriblər, çünki başqa seçim olmayıb.

Komandada dördüncü mövsümünü keçirən təcrübəli Serxio Peresin komanda yoldaşı əvvəlki mövsümün ortasında Manor-da debüt etmiş perspektiv vəd edən Esteban Okon olub.

Qış testləri ciddi problemlər olmadan geridə qoyulub və mövsüm komanda üçün uğurlu başlayıb – ilk beş yarışın hamısında hər iki sürücü ilə xal qazanmaq mümkün olub (mövsüm ərzində isə 16 dəfə). VJM10 top komandaların maşınlarına uduzsa da, digər rəqib komandaların maşınlarından sürətli olub və nəticədə Force İndia dördüncülüyünü möhkəmləndirməyə başlayıb.

Uzun müddətdir ki, kreditorlar qarşısında öhdəliklərini ödəyə bilməyən və haqqında Hindistanda həbs qərarı çıxan komandanın rəhbəri Vicey Malya Britaniyanı tərk edə bilmədiyi üçün yalnız Silverstoundakı yarışda komandasının yanında olub. Qalan yarışlarda isə onu Robert Förnli əvəzləyib. Bütün bunlara baxmayaraq, Vicey komandanın nəbzini tutub və bir çox ciddi məsələlərdə həll yolunu tapıb. Mövsümün gedişində komandanın adının dəyişdirilərək Force One və ya Force Racing adlandırılması təklif edilib, lakin Liberty Media ilə bu mövzuda fikir ayrılıqları olduğundan, qərar qəbul edilməyib.

Niko Hülkenberqin komandadan ayrılması Peresin işini çətinləşdirib. Mövsümün ilk hissəsində Okon komanda yoldaşına uduzsa da, fasilədən sonra onunla eyni səviyyədə mübarizə apara bildiyini göstərib. Peres isə, əlbəttə, komandadakı statusunu itirməyə hazır deyildi. Komanda onların açıq mübarizə aparmasına icazə verib, lakin bu, nəticələrə mənfi təsir göstərib. Peres Kanadada komanda yoldaşını irəli buraxmağa razı olmayıb, Bakıdakı yarışda onların mübarizəsi toqquşma ilə nəticələnib və Peres yarışı dayandırmalı olub, Okon isə yalnız altıncı ola bilib. Serxio Estebanı tənqid edib, lakin fransız sürücü heç bir şeyi dəyişdirməyəcəyini bildirib.

Spadakı yarışda isə onlar iki dəfə toqquşublar və bu, komandanın səbir kasasını doldurub. Peresin daha sonra üzr istəməsinə baxmayaraq, Otmar Safnauer ya bunların bir daha baş verməyəcəyini, ya da komandanın yeni sürücülər axtaracağını bildirib. Nəticədə, onların trasda mübarizə aparması qadağan edilib və yarışdakı mövqeləri komanda tərəfindən müəyyən edilib. Qadağaya son yarışa qədər əməl olunub və nəticədə komanda Mühəndislər Kubokunda dördüncü yeri asanlıqla əldə edib. Komanda mövsümboyu Renault-nun onlara çatacağından ehtiyatlanıb və daim yeniliklər gətirib. Bunların hamısı səmərəli olmasa da, VJM10 xeyli inkişaf edib.

Esteban Monako və ilk tamamlaya bilmədiyi yarış olan Braziliya Qran Prisi istisna olmaqla, bütün yarışlarda xal qazanıb. Lakin bu, olduqca stabil mövsüm keçirən Peresə sıralanma turlarında (13:7) və xal hesabında (100-87) məğlub olmasının qarşısını ala bilməyib.

Komanda növbəti mövsüm üçün sürücü heyətini kifayət qədər tez təsdiq edib. Okonun üçillik müqaviləsi var idi, Peres ilə müqavilə isə sentyabr ayında uzadılıb.  Komanda sürücü heyətini özünün əsas aktivi hesab edir və bu stabillik 2018-ci ildə Mühəndislər Kubokunda 4-cü yer uğrunda gərgin mübarizə gedəcəyi bir şəraitdə komanda kömək etməlidir.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*