Mövsümün yekunları-2016: Williams Martini Racing

Formula1 üzrə 67-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

2016-cı il Mühəndislər Kubokunda ardıcıl iki il üçüncü olan Williams üçün uğursuz keçib. Komanda eyni sürücü heyəti ilə çıxış edib və keçənilkindən daha az xal toplayaraq nəinki əsas üç komandadan, hətta Force İndia-dan da geri qalıb…

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
77 Valtteri Bottas 21 8 85 2 3
19 Felipe Massa 21 11 53 4 5

 

Williams Racing Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2016 21 5 138 2 3
2015 19 3 257 3 3
2014 19 3 320 1 2
2013 19 9 5 3 8
2012 20 8 76 1 1

Williams 2014-cü ildə uzun fasilədən sonra ilk üçlüyə qayıda bilmişdi. 2015-ci ildə üçüncülük çətin başa gəlmişdi, lakin komanda keçən qış fasiləsində arxada qoyduğumuz mövsümdə inkişafdan və irəliyə doğru daha bir addım atmaqdan danışırdı. Təcrübəli Pət Simonds FW38-in hazırlanmasına rəhbərlik edib – onlar ötənilki maşının güclü tərəflərini saxlamağa və problemlərini həll etməyə çalışıblar. Bunlara yağışda və yavaş traslarda qənaətbəxş olmayan nəticələri misal göstərmək olar.

massa-vs-bottas

 

Komanda mövsümöncəsi testlərin ilk günündə xeyli məsafə qət edib. Lakin nəticələrdən də aydın olub ki, onlar mövsüm ərzində bolid üzərində xeyli işləməli olacaqlar. Lakin 2017-ci ildə reqlamentdəki böyük dəyişiklikləri də nəzərə alan komanda FW38-in inkişafına ciddi vəsait ayıra bilməyib.

Mövsümün ilk yarışı uğurlu olub. Bir çoxlarının problemlər yaşadığı yarışı Massa beşinci, Bottas isə səkkizinci yerdə tamamlayıb. Komanda Melburnda finişdən sonra Mühəndislər Kubokunda üçüncü olub – lakin bu, mövsümdə ancaq bir dəfə baş verib. Bəhreyndə də komandanın hər iki sürücüsü xal qazansa da, onlar Mühəndislər Kubokunda dördüncü yerə geriləyiblər.

Williams-ın mühəndisləri mövsümün əvvəlində ön antiqanadın burnunun qısadılmış versiyasını hazırlayıblar. Lakin krəş-testdən ilk cəhddə keçmək olmayıb. Buna görə də komanda onun debütünü təxirə salmalı olub – Massa Bəhreyndə, Bottas isə Çində ondan istifadə etməyə başlayıb.

Komanda üçün ən məhsuldar yarış Rusiya Qran Prisi olub. Bottas və Massa müvafiq olaraq dördüncü və beşinci yerləri tutaraq komandaya 22 xal qazandırıblar. Bu nəticə komandada özünəinam yaradıb. Lakin digər tərəfdən də yazda komanda rəhbərliyi ilk üç yeri tutan komandaların çox sürətli olduğunu və xarici amillərin köməyi olmadan onlarla rəqabət apara bilməyəcəklərini etiraf edib. Həm də yağışlı havada baş tutan yarışlarda onlar rəqabət apara bilmirdilər. Williams yavaş traslarda yenə də yaxşı nəticələr göstərə bilməyib. Yeri gəlmişkən, əgər hər iki sürücünün xal zonasından kənarda qaldığı Silverstoundakı yarış olmasaydı, Monako Qran Prisini komanda üçün mövsümün ilk hissəsindəki ən pis yarış hesab etmək olardı. Monte Karlodakı yarışın bir qismi Silverstoundakı kimi yağışlı havada keçmişdi, lakin komanda bir xal qazana bilmişdi.

bottas-sochi

Komanda mövsümboyu aerodinamika sahəsində maraqlı eksperimentlər aparıb, asfaltayatma qüvvəsinin və tarazlığın artırılmasına çalışıb. Lakin heç bir nəzərəçarpan irəliləyişə nail olmayıblar. Bundan başqa, komandanın əsas rəqiblərindən olan Force İndia-nın sürücüləri sabit nəticələr göstəriblər. Williams bu il pit-stoplarda yaxşı işləyib. Yarışların əksəriyyətində məhz onlar sürücülərinə ən sürətli xidməti göstəriblər. Bu sahədə 2015-ci ildə ən zəiflərdən olan komanda geridə qoyduğumuz mövsümdə 21 yarışın 14-də hamını qabaqlayıb. Bakıda isə yeni rekord müəyyənləşib – Massanın maşınının təkərləri 1.92 saniyə ərzində dəyişdirilib. Maraqlıdır ki, komanda əvvəlki illərdəki mexaniklərin köməyindən istifadə edib. Sadəcə mövsümlərarası fasilədə təkmilləşdirilmiş avadanlıqlardan istifadə edilib və xüsusi məşqlər keçirilib.

Komanda ilk doqquz yarışda 92 xal toplayıb və Mühəndislər Kubokunda Force İndia-nı qabaqlayaraq dördüncü olub. Lakin son 12 yarışda iki dəfə az – 46 xal toplamaq mümkün olub. Əsas problemlər – asfaltayatma qüvvəsinin çatışmazlığı və təkərlərlə işləyə bilməmək əvvəlki kimi qalıb. Bu problemlərdən baş aça bilməyən Williams yayda son bir neçə ildə Ferrari-də təkərlərlə işə cavabdeh olan mühəndislər qrupunun rəhbəri vəzifəsində çalışmış Antonio Spalononu komandaya gətirib.

Yay fasiləsindən sonra ilk yarışda – Spada Force İndia Mühəndislər Kubokunda dördüncü yer uğrunda mübarizədə Williams-ı qabaqlayıb. Komanda Montsada yerini qaytarsa da, yavaş traslardan olan Sinqapurda yenidən geri qalıb. Bu hal Ostindəki yarış istisna olmaqla, geridə qalan bütün yarışlarda baş verib və yekun nəticədə 35 xallıq fərq yaranıb.

stroll-vs-bottas

Artıq yay aylarından “varlı ailənin sürətli sürücüsü” Ləns Strollun gələn mövsüm komandaya gələcəyi barədə şayiələr gəzirdi. Williams-ın devoloper sürücüsü Aleks Linn də növbəti mövsümdə yarışmaq istədiyini bildirirdi və Kler Uilyams da onu dəstəkləyirdi. Sentyabrın əvvəlində İtaliya Qran Prisi ərəfəsində xüsusi mətbuat konfransı təşkil edən Felipe Massa mövsümün sonunda karyerasını bitirəcəyini elan edib. Noyabrın 3-də isə komanda 2017-ci il üçün sürücü heyətini təstiqləyib –  Valtteri Bottas və Ləns Stroll gələn il sükan arxasında oturacaqlar. Deyilənlərə görə, Lənsin Formula1-də debütü atasına 80 milyon dollara, Williams ilə müqavilə isə 33 milyon dollara başa gəlib.

Felipe Massa üçün sonuncu ev yarışı emosional alınıb. İnterlaqosda 13-cü yerdən start alan braziliyalı 48-ci dövrədə qəza edib və yarışı yarımçıq saxlamalı olub. Sürücü azarkeşləri salamlayıb və pit yoluna doğru gedib. Burada isə onu təkcə Williams-ın yox, bütün komandaların əməkdaşları salamlayıblar və sürücü göz yaşlarını saxlaya bilməyib. Mövsüm başa çatdıqdan sonra isə komanda Massaya FW38-i həddiyə edib.

massa-brazilian-gp

Maraqlıdır, Mercedes motorundan istifadə edən müştəri komandalar Mühəndislər Kubokunda ən yaxşı halda dördüncü yeri tuta biliblər. Lakin Williams Ləns Strollu komandaya gətirərək nəinki sürətli sürücü, həm də yeni maşın üzərində işləmək üçün kifayət qədər vəsait əldə edib…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*