Mövsümün yekunları-2016: Scuderia Toro Rosso

Formula1 üzrə 67-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Rəqəmlər göstərir ki, Toro Rosso onlar üçün dramatik hadisələrlə yadda qalan 2016-cı ildə sakit keçən 2015-ci ildəki nəticələri təkrarlayıblar. Mühəndislər Kubokunda yenə yeddinci olan komanda əvvəlki illə müqayisədə cəmi 4 xal az toplayıb.

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
33 Maks Ferstappen 4 5 13 5 6
55 Karlos Sayns 21 12 46 6 6
26 Daniil Kvyat 17 14 4 6 9

Qalın şriftlə sürücülərin Toro Rossonun tərkibindəki nəticələri göstərilib.

Scuderia Toro Rosso Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2016 21 7 63 5 6
2015 19 7 67 5 4
2014 19 7 30 5 6
2013 19 8 33 5 6
2012 20 9 26 6 8

Mövsüm adi ssenari üzrə başlayıb. Ferstappen və Sayns üçün komandada ikinci mövsüm idi və qarşıya qoyulan hədəf əvvəlki kimi qalırdı – Mühəndislər Kubokunda beşincilik və bir neçə dəfə podiuma yüksəlmək. Komandanın motor təchizatçısı isə bu dəfə Renaul yox, Ferrari idi.

Toro Rosso-ya 2015-ci ilin mühərriklərinin verilməsi barədə razılıq əldə olunub. Lakin komandanın maşını Ferrari mühərriyinə uyğunlaşdırması üçün az vaxtı qalıb. Komanda STR11-i hazırlamağa avqust ayından başlamışdı, lakin motor təchizatçısının daha sonra dəyişdirilməsi onları çətinə salıb.

sainz-preseason-test

STR11 qara və göy rənglərlə boyanıb. Komanda maşını ikinci qış testlərindən əvvəl təqdim edib – maşını ən sonda təqdim edən komanda olub.

Maşın son iki illə müqayisədə daha etibarlı olub. Əvvəlki illərdə qış testlərinin çox hissəsində boksda maşın üzərində işləməli olmuşdularsa da, bu dəfə onlar həftə ərzində 2000 km-dən çox məsafə qət ediblər. Sürətdə də problem olmayıb – komandanın sürücüləri ilk üç yarışda orta yerlərdə mübarizə aparıblar və xal qazanmağa nail olublar. Bu da komandanın hədəflərinə uyğun idi. Təkcə Soçi yarışı uğursuz alınıb – Ferstappen motor probleminə görə yarışı dayandırmalı olub, Sayns isə ancaq 12-ci yeri tuta bilib. Lakin bu yarışdan sonra bir çox şey dəyişib.

Helmut Marko gözlənilmədən rokirovkaya əl atıb – Daniil Kvyat yenidən Toro Rosso-ya qaytarılıb, Ferstappen isə onun əvəzinə Red Bull-a aparılıb. Bu addım rus sürücünün üzərindəki təzyiqi azaltmağa çalışmaq kimi izah olunub. Təsəvvür etmək olar ki, bu addım Red Bull-a ilk dörd yarışda yeganə podiumu qazandırmış Kvyat üçün nə qədər ağır zərbə olub. Maksa gəlincə, Red Bull-un köməyi ilə pilləkənləri iki pillə birdən yuxarı dırmaşmağa adət etdiyi üçün sadəcə növbəti addımını atıb.

kvyat-vs-sainz

Maraqlıdır ki, bu dəyişiklikdən sonrakı ilk yarış olan İspaniya Qran Prisi arxada qoyduğumuz mövsümdə Toro Rosso üçün uğurlu yarış olub. Sayns altıncı, Kvyat isə onuncu yeri tutaraq komandaya vacib xallar qazandırıblar. Lakin növbəti yarışlar Kvyat üçün heç də uğurlu alınmayıb. Rus sürücü Toro Rosso-ya keçdikdən sonra ancaq Britaniya və Sinqapur yarışlarında xal qazana bilib.

Komanda bir il əvvəlki motordan istifadə etdiyi üçün rəqiblərindən getdikcə geri qalmağa başlayıb. Mühəndislər sürətin aşağı olmasını asfaltayatma qüvvəsini azaldaraq kompensasiya etməyə çalışıblar. Almaniya Qran Prisinə demək olar ki, tamamilə yeni aerodinamik paket gətirilib. Lakin bu da bir fayda verməyib. Hətta demək olar ki, Toro Rosso-nu digər komandalarla müqayisədə inkişafda daha da geri salıb. Mühəndislər bunun səbəbini axtarsalar da, köhnə və yeni paketi müqayisə etməyə çalışsalar da, suallara cavab tapa bilməyiblər.

Komanda Almaniya Qran Prisinə qədər 45 xal qazanmışdı ki, bu da hər yarışa orta hesabla 4.1 xal deməkdir. Lakin sonrakı 10 yarışda isə 18 xal, yəni hər yarışa orta hesabla 1.8 xal qazanıblar ki, bu da müqayisədə 2-3 dəfə azdır. Uzun düzlükləri olan traslarda komandanın sürücülərinin ilk onluğa düşmək şansı olmayıb. Lakin hansısa imkan yarandıqda, onlar bundan maksimum istifadə etməyə çalışıblar. Sayns Ostində, daha sonra isə İnterlaqosda yağışlı yarışda altıncı olub, lakin komanda əksər yarışlarda sadəcə finiş xəttini keçmək üçün yarışıb. Vəziyyəti isə təəssüf ki, düzəltmək mümkün olmayıb.

daniil-kvyat-mexican-gp

Komandanın rəhbəri Frants Tost rus mətbuatına verdiyi müsahibəsində əvvəlki ilin Ferrari motoru ilə zəif olacaqlarını onsuz da gözlədiyini, mövsümün əvvəlində daha çox xal toplamaq şansından istifadə edə bilmədiklərini və bəzi yarışlarda mühəndislərin yol verdiyi səhvlərin yaxşı nəticələr əldə etməyə mane olduğunu bildirib.

Uğursuz mövsümün final yarışı da elə uğursuzluqla nəticələnib. Məşqlərdə demək olar ki, işləyə bilməyən Toro Rosso sürücülərinin hər ikisi yarışı sürət qutusunda yaranmış problemlərə görə yarımçıq saxlamalı olublar. Komanda etibarlı və rəqabətədavamlı maşınla başladığı mövsümü heç də yaxşı notlarla başa vura bilməyib.

Komanda 2017-ci ildə Renault-nun yeni motorundan istifadə edəcək. Bu, Red Bull kimi onlara da hədəfə çatmaqda kömək edə bilər. Komandanın hədəfi isə dəyişilməz olaraq qalır – Mühəndislər Kubokunda ən azı beşinci olmaq. Komanda gələn mövsümdə də mövcud sürücü heyəti ilə çıxış edəcək və aydın məsələdir ki, həm Kvyat, həm də Sayns üçün yaxşı çıxış etmək gələcək karyeraları üçün olduqca vacib olacaq.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*