Demək olar ki, hər mövsümün sonunda hamıya elə gəlir ki, Sauber problemləri həll edib və xallar qazanmağa başlayıb. Lakin növbəti mövsüm yenə də uğursuz alınır. Autsayderlər arasında bir xal qızıla bərabərdir – Felipe Nasr yağışlı Braziliya Qran Prisində qazandığı 2 xalla komandasını Mühəndislər Kubokunda onuncu yerə yüksəltmişdi.
N | Sürücü | Yarış | Yer | Xal | Ən yaxşı start | Ən yaxşı finiş |
12 | Felipe Nasr | 21 | 17 | 2 | 15 | 9 |
9 | Markus Eriksson | 21 | 22 | 0 | 14 | 11 |
Sauber F1 Team | Yarış | Yer | Xal | Ən yaxşı start | Ən yaxşı finiş |
2016 | 21 | 10 | 2 | 14 | 9 |
2015 | 19 | 8 | 36 | 8 | 5 |
2014 | 19 | 10 | 0 | 9 | 11 |
2013 | 19 | 7 | 57 | 3 | 4 |
2012 | 20 | 6 | 126 | 2 | 2 |
Mövsümöncəsi ilk testlərə qədər yeni maşını hazırlamaq mümkün olmamış və Sauber Barselonaya 2015-ci ilin maşınını gətirmişdi. Növbəti testlərə isə üzərinə yeni sponsorların loqotipləri həkk olunmuş, Ferrari-nin yeni güc qurğusuna adaptasiya edilmiş C35 indeksli maşın gətirilmişdi. Komanda yeni maşını fevralın 29-da rəsmi saytında təqdim etmiş, həmçinin, komandanın texniki direktoru Mark Smitin sözlərinə yer vermişdi: “C35 – irəliyə doğru böyük addımdır”. İki həftə sonra onun komandadan ayrıldığı təsdiqlənmiş və bu addımı ailə vəziyyətinə görə atdığı bildirilmişdi. Lakin məsələnin əsl mahiyyəti göz qabağında olub – komandanın əməkdaşlarına verəcəyi pulu olmayıb. Onlar yeni texniki direktor axtarmayıblar – Markın vəzifəsi bir neçə əməkdaş arasında bölüşdürülüb. Komandanın rəhbəri Monişa Kaltenborn əməkdaşların maaşlarını vaxtında verə bilmədiklərinə görə komandaya ödənilməli olan mükafatın növbəti hissəsinin vaxtından əvvəl verilməsi üçün Berni Ekklstouna müraciət edib.
Mövsüm başlayıb. 2015-ci ildə Melburnda Nasr beşinci, Eriksson isə səkkizinci olmuşdu, lakin bu dəfə onlar çox geridə qalıblar. Rəqib komandalar böyük irəliləyişlərə nail olublar, həm də etibarlılıq sarıdan çox da başları ağrımayıb. Əvvəlki illərdə rəqiblərin yarışları tamamlaya bilməmələri Sauber-ə xal qazanmaqda kömək edirdi. Mühəndislər dəfələrlə yeniliklər hazırlayıblar, lakin bunlar kağız üzərində qalıb. Çünki komandanın bunları reallaşdırmaq üçün vəsaiti olmayıb. FOM-un ödənişləri isə ancaq yarışlarda iştirak etməyə kifayət edib.
Artıq ilk yarışdan Nasrın maşınında problemlər yaranıb. Onları uzun müddət həll edə bilməyən komanda yalnız mövsümün dördüncü mərhələsində braziliyalıya yeni şassi verə bilib. Komanda mövsümarası testlərdə iştirakdan imtina edib. Çünki sınaqdan keçirilməli heç bir yenilikləri olmayıb. Aprelin sonunda isə baş mühəndis Tim Malion da komandanı tərk edib. Yaz ayları komanda üçün çox ağır olub…
Silverstounda şənbə günü keçirilən məşqlərdə Eriksson ağır qəzaya uğrayıb. Maşının idarəetməsini itirərək maneələrə yandan çırpılan isveçli sürücü xəstəxanaya aparılıb. Lakin Markus yaxşı qurtulub – həkimlər növbəti gün onu yarışa buraxıblar.
Artıq yayın əvvəllərində komandanın satılacağı ilə bağlı şayiələr yayılmağa başlayıb. Rəhbərliyin komandanın gələcəyi üçün bu addımı atmaq qərarına gəldiyi iddia edilib. Bakıdakı yarışdan sonra isə vəziyyət son həddə çatıb. Lakin xilas yolu tapılıb. İsveçrənin Longbow Finance SA sərmayə şirkəti Sauber Holding AG-nin 100% səhmlərini əldə edib. Peter Zauber bütün postlarını itirib. Monişa Kaltenborn isə Direktorlar Şurasının üzvü olmaqla komandanın başçısı postunu da saxlayıb. Komandanın və holdinqin adı isə dəyişməyib.
Bundan sonra komandada yeniliklər barədə danışmağa başlayıblar. Almaniya Qran Prisində yeni arxa qanad, Belçikaya isə yeni ön qanaq gətirilib. Onları məşqlərdə sınaqdan keçiriblər, lakin yeniliklərin effektivliyindən bəhs olunmayıb. Çünki rəqiblərlə fərq kifayət qədər böyük idi və bu yeniliklər onlara ancaq 0.1-0.2 saniyə qazandıra bilərdi.
Sauber sürücüləri hər yarışda peletonun ən arxasında, demək olar ki, sürünürdülər və onların xal qazanmaq şansları yox idi. Verlyaynın Avstriyada komandasına xal qazandırması Sauber-i Mühəndislər Kubokunda sonuncu yerə yuvarlandırmışdı. Son yarışlarda əldə edilə biləcək və komanda üçün əlçatmaz görünən nəticələr onları sonuncu yerdən xilas edə bilərdi.
Lakin uzun mövsüm və bəxt komandaya kömək edib. Yağışlı Braziliya Qran Prisində hər şey üst-üstə düşüb. Yarışa 21-ci yerdən başlayan Nasr həm yaxşı çıxışı, həm də rəqib sürücülərdən bəzilərinin yarışı erkən başa vurmalarının köməyi ilə xeyli mövqe qazanıb və finiş xəttini doqquzuncu keçərək komandasına 2 xal qazandırıb. Bununla da komanda Manor-u arxada qoyaraq Mühəndislər Kubokunda onuncu yerə yüksəlib.
Lakin bir həftə sonra Nasrın sponsoru olan Banco do Brasil əməkdaşlığın sona çatdığını bildirib və bunu ölkədəki iqtisadi böhranla əlaqələndirib. Taleyin istehzası – Braziliyadakı nəticəsi ilə Sauber-in böyük məbləğdə mükafat qazanmasına səbəb olmuş Nasr müqaviləsiz qalıb. Sauber Eriksson ilə müqaviləni uzadıb. İddialara görə, komandanın yeni sahibləri isveçliyə hələ yaydan bu barədə təminat veriblər. İkinci yer üçün isə namizədlər kifayət qədərdir…
Komandanın satılmasına qədər olan maliyyə problemləri yeni maşının hazırlanmasını da gecikdirib. Onlar gələn mövsüm Ferrari-nin builki mühərriklərindən istfadə etməyə qərar veriblər. Bu, kifayət qədər vaxta qənaət deməkdir.
Noyabrın 7-də Yorq Tsander Sauber-in yeni texniki direktoru təyin olunub. Kaltenborn söz verib ki, komandanı podium uğrunda mübarizəyə qaytaracaq. Lakin tənəzzül yox, tərəqqi vacibdir. Peter Sauber daha yoxdur. O, komandanı xilas edib – əvvəllər də dəfələrlə bunu etmişdi…