Force İndia geridə qoyduğumuz mövsümdə tarixinin ən yaxşı nəticəsini əldə edib. Komanda mövsümboyu inanmlı çıxış edib və Mühəndislər Kubokunda yalnız top-komandalardan geri qalaraq dördüncü olub.
N | Sürücü |
Yarış | Yer | Xal | Ən yaxşı start | Ən yaxşı finiş |
11 | Serxio Peres | 21 | 7 | 101 | 5 | 3 |
27 | Niko Hülkenberq | 21 | 9 | 72 | 2 | 4 |
Sahara Force India F1 Team | Yarış | Yer | Xal | Ən yaxşı start | Ən yaxşı finiş |
2016 | 21 | 4 | 173 | 2 | 3 |
2015 | 19 | 5 | 136 | 4 | 3 |
2014 | 19 | 6 | 155 | 4 | 3 |
2013 | 19 | 6 | 77 | 5 | 4 |
2012 | 20 | 7 | 109 | 4 | 4 |
Komanda rəsmiləri qış testlərindən əvvəl VJM09-un təqdimat mərasimində Mühəndislər Kubokunda beşincilikdən bəhs etmişdilər. Mövsüm başlamamışdan əvvəl hamı komandanın şansları barədə nikbin düşünürdü. Force İndia rəsmiləri əvvəlki ildən bolidin təkmilləşdirilməsi üçün xərclərin artırılması barədə razılığa gəlmişdilər.
Yeni maşın əvvəlkinə təkcə vizual olaraq bənzəmirdi, həm də mühəndislər onu hazırlayarkən 2015-ci ildə Britaniya Qran Prisindən etibarən istifadə olunan VJM08 maşınının B versiyasını əsas götürmüşdülər. Maşın 2016-cı ilin reqlamentinə uyğun hazırlanmış və onun mövsüm ərzində planauyğun şəkildə inkişaf etdirilməsi nəzərdə tutulmuşdu – komanda bu plandan əvvəllər də istifadə etmişdi.
Sürücü heyəti dəyişməyib – Niko Hülkenberq və Serxio Peres komandada ardıcıl üçüncü illərini keçiriblər. Komandanın ehtiyat sürücüsü Alfonso Seliş mövsüm ərzində altı yarışda cümə günü sərbəst yürüşlərdə sükan arxasına keçib. Nikita Mazepin isə devoloper sürücü seçilib və iyul ayında mövsümiçi testlərdə iştirak edib.
Gözlənilənlərin əksinə, mövsüm Force İndia üçün çətin başlayıb. Hülkenberq Melburnda xal qazansa da, komanda Bəhreyn və Çindən əliboş qayıdıb. Soçidə isə Peres doqquzuncu olub. Sürücülər startlarda insidentlər yaşayıblar, lakin bunlar öz günahlarından baş verməyib. Yaranan digər problemlər də rəqiblərin onlardan xal hesabında uzaqlaşması ilə nəticələnib. Komanda Mühəndislər Kubokunda ilk dörd yarışdan sonra yalnız səkkizinci ola bilib.
Qaydasında olmayan təkcə nəticələr deyildi. Komandanın rəhbəri Vicey Malya Hindistanı tərk edib. Malya Britaniyaya köçərkən Hindistan məhkəməsi Kingfisher Airlines aviaşirkətinin borcları ilə bağlı onun həbsi üçün order yazıb, sonra isə onun beynəlxalq pasportunu ləğv edib. Britaniya Hindistan hökumətinin Malyanın ekstradisiyası üçün olan müraciətini rədd edib, amma onun haqqında beynəxalq axtarış elan olunub. Komandanın idarəedilməsini Otmar Safnauer öz üzərinə götürüb. Lakin Vicey komanda ilə daimi əlaqədə olub və vacib qərarların qəbul edilməsində iştirak edib.
Komanda Barselonaya çox sayda yeniliklər gətirib. Hülkenberq yarışı yağ sızmasına görə yarımçıq saxlamalı olub, Peres isə yalnız yeddinci yeri tuta bilib. Lakin Monakoda Force İndia mövsüm ərzindəki ən yaxşı nəticəni əldə edib. Şəhər trasında və yağışlı havada həm sürücülərin ustalığı, həm də aerodinamikanın effektivliyi öz sözünü deyib – hər iki faktor yaxşı işləyib. Peres finiş xəttini üçüncü keçib və azarkeşlərin səsverməsinə əsasən, “Günün Sürücüsü” seçilib. Hülkenberq isə altıncı olub. Komanda dərhal Mühəndislər Kubokunda beşinci yerə yüksəlib və Williams-dan cəmi 29 xal geri qalıb. Safnauer bildirib ki, komanda hədəfi barədə yenidən düşünə bilər və dördüncülük uğrunda mübarizə aparmaq olar, 2017-ci ilin maşını üzərində işləməyə başlamaq üçün isə hələ çox tezdir…
Peres Monakodakı uğurunu Bakıda da təkrarlayıb – üçüncü yeri tutaraq podiuma yüksələn meksikalı sürücü yenə “Günün Sürücüsü” seçilib. Komanda bundan sonra yalnız Avstriyadan əliboş qayıdıb, qalan bütün yarışlarda xal qazanmaq mümkün olub.
Force İndia Britaniya Qran Prisinə də böyük yeniliklərlə gəlib. Vicey Malya da mövsüm ərzində ilk və son dəfə komandasının yanında ola bilib. Mühəndislər Kubokunda Williams ilə fərq getdikcə azalıb və komanda Spadakı yarışdan sonra dördüncü yerə yüksəlib. Düzdür, Williams Montsada mövqeyini qaytara bilib, lakin Force İndia Sinqapurda yenidən əsas rəqibini keçib. Mövsümün sonuna qədər Williams-dan yalnız Ostində az xal toplayan komanda yekunda 35 xal fərqlə dördüncü olub.
Komanda heyətini qorumağa ümid edib. Hələ yayda Malya bildirmişdi ki, hər iki sürücünün müqaviləsi uzadılacaq. Lakin həm Peres, həm də Hülkenberq top-komandalardan birinin heyətində yer almağa ümid edirdilər.
Peres Renault ilə danışıqlar aparıb, lakin yekunda onlar Hülkenberqi seçiblər. Meksikalı sürücü və sponsorları Force İndia-da qalmağa qərar veriblər. Gələn mövsüm onun komanda yoldaşı gənc Esteban Okon olacaq. Komanda Okonun gəlişi ilə Mercedes-dən aldığı güc qurğularının qiymətlərində əhəmiyyətli güzəşt əldə edib.
Gələn mövsüm irəli addım ata bilmək üçün böyük büdcəyə sahib komandalardan birini keçmək lazımdır. Lakin Force İndia mübarizəyə hazırdır. Növbəti addımı atmaq çətindir, lakin hər mövsüm daha yaxşı nəticələr əldə edən komandadan gözləntilər də artır. Force İndia-da heç kim möcüzə gözləmir, amma gələcəyə nikbin baxmaq üçün əsaslar var.
Otmar Safnauer: “Güman edirəm ki, biz gələn mövsüm də dördüncü yeri tutsaq, bizim üçün böyük mükafat olacaq. Amma biz nəyə görə qarşımıza daha yüksək məqsəd qoymayaq və üçüncü yer uğrunda mübarizə aparmayaq? Mən bunun mümkün olmadığını hesab etmirəm. Düzdür, qarşımıza öhdəsindən gələ bilməyəcəyimiz hədəflər qoymamalıyıq, çünki buna nail olmadıqda hamı ruhdan düşür. Lakin üçüncü yer əlçatmaz deyil”.