Mövsümün yekunları-2016: Haas F1 Team

Formula1 üzrə 67-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Cin Haasın orijinal yanaşması öz effektivliyini sübut edib. Onlar Ferrari və digər təchizatçılardan aldıqları elementlərdən maksimum istifadə ediblər və ilk mövsümlərini 29 xalla başa vurublar. Xalların hamısı bir sürücü tərəfindən qazanılıb…

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
8 Roman Qrojan 21 13 29 7 5
21 Esteban Qutyerres 21 21 0 10 11

 

Haas F1 Team Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2016 21 8 29 7 5

Formula1-də yeni komandanın peyda olması həmişə nadir hadisə olub, xüsusən də ABŞ-dan olan komandanın. Bir neçə il əvvəl USF1 layihəsi maliyyə və təşkilati problemlər üzündən formalaşma mərhələsində uğursuzluğa düçar olmuşdu, ona görə də Cin Haasın çempionata şəxsi komandası ilə gəlməsi xəbəri azarkeşlər tərəfindən skeptik qarşılanmışdı, amma amerikalı biznesmen son illərin debütantlarından fərqli bir yol seçmişdi.

Haas F1 komandası elə ilk günündən müxtəlif şirkətlərlə sıx əməkdaşlığa önəm verməyi üstün tutub – əsas texniki tərəfdaş isə Ferrari seçilib. Çempionata gəlmək üçün əlavə bir il hazırlıq müddəti götürülüb, bütün işlər tam qrafikə uyğun yerinə yetirilib.

Komanda maşınlarını təcrübəli Roman Qrojan və 2015-ci ili ehtiyat sürücü kimi keçirən Esteban Qutyerresə həvalə edib – meksikalı sürücü əvvəlki il Ferrari-nin simuylatorunda işləyib və Haas-ın əsas tərəfdaşlarından olan komandanın güc qurğusuna və onların verəcəyi bir çox elementlərə yaxşı bələd olub.

gutierrez-vs-grosjean

Komandanın ilk maşını VF-16 adlandılıb. VF-16 indeksi vaxtılə Cin Haasın təsis etdiyi Haas Automation şirkətinə aiddir: 1988-ci ildə şirkətin istehsal etdiyi ilk rəqəmsal proqram təminatlı avadanlıq VF-1 adlanırdı. Abbreviaturada VF hərfləri vertikal-frezer dəzgahı deməkdir, 1 rəqəmi isə dəzgahın birinci olmasını göstərirdi. Bu dəfə komandanın sahibi abbreviaturaya yeni məna verib…

VF-16 testlərinin ilk günündə trasa çıxıb. Maşını ilk idarə edən Roman Qrojan olub. Lakin ilk test günü problemsiz ötüşməyib – hələ 13-cü dövrədə 320 km/saat sürətlə gedən Qrojanın maşınının ön qanadı qırılıb. Növbəti gün müvəqqəti həll tapılıb – qanadın qopmaması üçün əlavə möhkəmləndirici vasitələrdən istifadə olunub və nəticədə debütant komanda testlərin ikinci günündə daha çox məsafə qət edə bilib. Komanda ön qanaddakı problemdən yalnız yayda baş çıxara bilib.

Mövsümün başlamasına az qalmış komanda mühəndislərə daha intensiv işləməyi tapşırıb, çünki hər bir xırda problemi araşdırmaq, təchizatçılarla müzakirələr aparmaq və həll yollarını tapmaq lazım gəlirdi.

Komanda Melburna nikbin, həm də ehtiyatlı gəlib, çünki testlərdəki nəticələrə əsasən rəqiblərin gücü barədə dəqiq söz demək mümkün deyildi. Onlar sıralanma turunda yalnız Manor sürücülərini üstələyə biliblər və bunu müəyyən qədər uğur hesab etmək olardı. Lakin Qrojan yarışda sensasiyaya imza atıb – finiş xəttini altıncı keçib. Komanda ilk yarışındaca xal qazanıb və maraqlıdır ki, son illərdə debüt etmiş komandaların heç biri buna nail ola bilməyib.

australian-gp-first-points

Bu uğurun səbəbi daha sonra izah olunub – komanda bazar günü təkərlərdən yaxşı istifadə edə bilib. Baxmayaraq ki, onlar Pirelli-nin tərkiblərinə hələ yaxşı bələd deyildilər, lakin təsadüfi də olsa, bu nəticə əldə edilib.

Növbəti möcüzəvi nəticə isə Bəhreyndə əldə edilib. Qrojan bu dəfə beşinci olub və yalnız ən güclü komandaların sürücülərindən geri qalıb. Yeri gəlmişkən, bu, komandanın mövsüm ərzində əldə etdiyi ən yaxşı uğur olub. Növbəti yarışlarda mövsümün sonuna qədər həll edə bilmədikləri əyləc problemi ilə qarşılaşıblar…

Mövsümün dördüncü yarışından da əliboş qayıtmayan Qrojan səkkizinci olub və komandasına daha dörd xal qazandırıb. Komanda sonrakı yarışların əksəriyyətində təkərlərlə yaxşı işləyə bilmədiyindən, yaxşı nəticə göstərməkdə çətinlik çəkib. Sıralanma turları xüsusilə çətin keçib və yarışlarda isə onlar yalnız orta qrupda mübarizə apara biliblər.

Əyləclərdəki problemlər davam edib və sürücülər dəfələrlə buna görə qəza ediblər. Komandanın ev yarışında – Ostində Qutyerresin qəzaya uğramasından sonra əyləc tədarükçüsü Brembo məsuliyyəti öz üzərinə götürüb. Qrojan vəziyyətin çox təhlükəli olduğunu bildirib və son yarışlarda başqa təchizatçının – Carbon Industrie-nin əyləclərindən istifadə edib.

romain-grosjean

İlk mövsümdə komandanın bütün xallarını Roman Qrojan qazanıb. Esteban Qutyerresin maşınında tez-tez yaranan problemlər, yol verdiyi səhvlər və bir qədər də bəxtsizliyi xal qazanmasına mane olub – meksikalı beş yarışı 11-ci yerdə tamamlayıb. Hər bir yarış keçdikcə, Estebanın üzərindəki təzyiqlər çoxalır, onun komandada qalma şansı getdikcə azalırdı. O, Formula1-də yarışdığı 3 tam mövsüm ərzində yalnız bir yarışda – 2013-cü ildə Yaponiya Qran Prisində xal qazana bilib. Lakin bu dəfə fərq o idi ki, komanda yoldaşı bir neçə dəfə yaxşı yerlər tutub və yekun nəticədə hesabında 29 xal olub.

Komandanın 2017-ci ilin sürücü heyətini açıqlamağı düşündüyü Braziliya yarışı ərəfəsində Qutyerres sosial şəbəkələr vasitəsi ilə mövsümün sonunda Haas-dan ayrılacağını bildirib. Bir qədər sonra isə komanda gələn mövsüm Qrojanın komanda yoldaşının Kevin Maqnussen olacağını açıqlayıb. İnterlaqosda növbəti dəfə yarışı tamamlaya bilməyən Qutyerres komandanın ona radiodan dediyi xoş sözlərə olduqca kəskin cavablar verib. Bu dialoq mətbuatda çox müzakirə olunub. Lakin Günter Ştayner alicənablıq edərək bunu sürücünün emosiyaları ilə əlaqələndirib və onu başa düşdüyünü bildirib.

Yeni komandalar üçün ikinci mövsüm adətən çətin olur. Debüt mövsümündə yaxşı nəticələrə ümid etmədiklərindən, üzərlərində çox da təzyiq olmur. Haas komandasının ilk mövsümdə qazandığı nəticəyə isə nadir hallarda rast gəlinir. Gələn il hamı komandanın daha çox xal qazanmasını və Mühəndislər Kubokunda daha yaxşı yer tutmasını gözləyir. 2016-cı ildə bir neçə komandanı qabaqlaya biliblər. Gələn mövsüm daha çətin olacaq, lakin komanda Qrojan və Maqnussen kimi sürücülərə sahib olacaq və hər iki sürücü xal qazanaraq komandanın yaxşı yer tutmasına kömək edə bilərlər…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*