Mövsümün son poulunu İvasa qazanıb

Əbu Dabidə ikiaylıq fasilədən sonra Formula2 çempionatının sürücüləri bir araya gəliblər - çempionatın qalibi məlum olsa da, mövsümün son yarışında digər yerlər və super lisenziya balları uğrunda gərgin mübarizə gözlənilir.

Əvvəlcədən qeyd edək, bəzi sürücülər səhər yarımsaatlıq məşq sessiyasından sonra Formula1-in ilk sərbəst yürüşlərində də bir saat işləyiblər. Bu – Felipe Druqoviç, Loqan Sarcent, Cək Duhən və Liam Lousondur. Bundan başqa, Zeyn Məloni və Xuan Manuel Korrea aşağı F3 seriyasından F2-nin son yarışına dəvət alıblar.

F-1.az xəbər verir ki, sessiyanın ilk yarısında protokollara Cək Duhən başçılıq edib.

Amma ikinci cəhdində avstraliyalı sürücü divarla təmas yaşadığı üçün nəticəsini yaxşılaşdıra bilməyib. Əvəzində Teo Purşer liderliyə yüksəlib.

Son dəqiqələrdə DAMS komandasından Roy Nissani zirvəyə yüksəlib, amma onun ardınca finiş xəttini keçən Ayumu İvasa ilk sətri ələ keçirib.

Bu zaman 3-cü sektorda sarı bayraqlar, daha sonra qırmızı bayraqlar dalğalanıb və sürətli dövrədə olan sürücülər məyus olublar: Zeyn Məloni son döngələrdə trasdan çıxıb, yerində fırlanıb və maşın təhlükəli yerdə dayanıb. Sessiya canlanmayıb.

Beləliklə, mövsümün son sıralanma turu DAMS-ın qələbəsi ilə başa çatıb – bazar günü komandanın sürücüləri ilk cərgədən start alacaqlar. İkinci cərgədən isə Purşerlə yanaşı Niderlandın KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının builki çempionu Felipe Druqoviç yarışa başlayacaqlar. Üçüncü cərgəni çempionatda 3-cü yerə namizəd olan Cək Duhən və Loqan Sarcent zəbt ediblər.

Sabah sprintdə isə reversiv qaydaya görə, ilk cərgədən Riçard Fershor və Liam Louson start alacaqlar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*