F-1.az xəbər verir ki, birinci sessiyanın sonunda Gresini-dən Enea Bastyanininin yıxılması nəticəsində Maverik Vinyales (Aprilia) və Aleks Rins (Suzuki) ikinci sessiyaya yüksəliblər.
Burada isə Ducati-nin digər törəmə komandası Pramac-ın yerli sürücüsü Xorxe Martin elə ilk cəhdində yüksək nəticə ilə protokollarda ilk sətri zəbt edib.
İkinci cəhdində Xorxe nəticəsini yaxşılaşdıra bilməsə də, mövsümü 3 ardıcıl poulla başa vurub. Sabah ispaniyalı sürücü mövsümdə yeganə qələbəsini qazanmağa çalışacaq.
İkinci cəhdində Xorxenin slip strimindən yararlanan Honda sürücüsü Mark Markes bu dəfə 2-ci olub, Ducati zavod komandasının avstraliyalı sürücüsü Cək Miller komanda ilə son yarışında 3-cü nəticə göstərib.
İkinci cəhddə bir çox sürücünün nəticələrinə Martinin komanda yoldaşı Joan Zarkonun yıxılması mane olub. Sürətli dövrədə olan titula əsas namizəd Françesko Banyaya (Ducati) yavaşlamalı olub – yekunda italiyalı sürücü son yarışa 8-ci yerdən başlayacaq.
Titula digər namizəd Fabio Kuartararo (Yamaha) sarı bayraqlar altında nəticəsini yaxşılaşdıraraq 4-cü yerə yüksəlsə də, hakimlər onun nəticəsini qüvvədə saxlayıblar.
İlk sessiyadan finala yüksələn sürücülər ikinci cərgəni tamamlayıblar – Suzuki üçün tarixin son yarışına çıxacaq Aleks Rins yekun cəhdində Vinyalesi qabaqlayıb.
Sabah Bakı vaxtı ilə saat 17:00-da başlayacaq mövsümün son yarışında isə dünya çempionunun adı məlum olacaq…