F-1.az xəbər verir ki, Sauber istisna olmaqla, bütün komandalar sabahdan etibarən trasda çalışacaqlar. Mercedes AMG 2014-cü ilin bolidi ilə Pirelli-nin 2017-ci il üçün olan təkərlərini test edən komandalardan biri olacaq. Artıq iki yaşı olan W05 Paskal Verlyayna tapşırılacaq. O, ancaq gələn il istifadə ediləcək təkərlərin test edilməsi ilə məşğul olacaq. Komandanın indiki maşınını isə 2 gün boyunca Esteban Okon idarə edəcək.
Renault-nun test pilotu Mercedes AMG üçün trasa çıxarkən, komandanın maşını RS16-nın sükanı arxasına Colion Palmer və rusiyalı GP2 pilotu Sergey Sirotkin keçəcəklər.
Silverstounda Ferrari-ni ilk gün Şarl Lekler təmsil edəcək. Növbəti gün isə onu Kimi Rəykkönen əvəzləyəcək. Haas komandası isə 18 yaşlı devoloper sürücüsü Santino Ferruççiyə ilk dəfə Formula1 maşınını idarə etmək imkanı verəcək. Gənc sürücü komandaya testlərin hər iki günündə kömək edəcək. Formula1 bolidi ilə debüt edəcək başqa bir sürücü isə Nikita Mazepindir. O, da Force İndia üçün iki gün çalışacaq.
Red Bull bolidini iki gün ərzində Pyer Qasliyə həvalə edəcək. Toro Rosso-dan isə testlərin ilk günündə Karlos Sayns, növbəti gün isə Serxio Sette Kamara trasa çıxacaq. Williams testlərə Valtteri Bottas və Aleks Linn ilə qatılacaq, lakin hansı sürücünün hansı gün trasa çıxacağı barədə məlumat hələ verilməyib.
Sauber komandası isə maddi vəziyyətə görə testlərdə iştirak etməməyi qərara alıb.
Qeyd edək ki, hər bir komanda ümumilikdə 4 gün olan mövsümiçi testlərin ən azı 2 günündə gənc sürücülərin köməyindən istifadə etməlidir.
Testlər Bakı vaxtı ilə saat 12:00-da başlayıb 21:00-da yekunlaşacaq. Testlərdə baş verənlər isə saytımızın rəsmi facebook səhifəsində canlı yayımlanacaq .
Komanda | 12 iyul | 13 iyul |
Mercedes AMG | Esteban Okon/Paskal Verlyayn | Esteban Okon/Paskal Verlyayn |
Ferrari | Şarl Lekler | Kimi Rəykkönen |
Red Bull | Pyer Qasli | Pyer Qasli |
Williams | Elan olunmayıb | Elan olunmayıb |
Force İndia | Nikita Mazepin | Nikita Mazepin |
Toro Rosso | Karlos Sayns | Serxio Sette Kamara |
McLaren | Fernando Alonso | Stoffel Vandorn |
Haas | Santino Ferruççi | Santino Ferruççi |
Renault | Sergey Sirotkin | Colion Palmer |
Manor | Rio Haryanto | Cordan Kinq |