F-1.az dünən xəbər vermişdi ki, Xorxe Lorenso testlərin ilk günündə 1-ci yeri tutub.
Testlərin ikinci günündə Avintia Racing komandasının sürücüsü Loris Baz 280 km/saat sürətlə gedərkən təkəri partlayıb və fransalı sürücü ciddi qəza edib. Michelin bu qəzadan sonra yumşaq təkərlərdən istifadə etməyib və təkərlərin təzyiqini artırıb. Baz isə keçirdiyi qəzadan xəsarət almayıb, hətta fransalı sürücü yenidən trasa qayıdıb.
Yumşaq təkərlərlə 2:00.095 zaman nəticəsi göstərən Danilo Petruççi seansı birinci yerdə tamamlayıb. Daha sonra bütün komandalar məcburi olaraq sərt təkərlərdən istifadə etdiyi üçün italyan sürücünün nəticəsini yaxşılaşdıran olmayıb.
Dünənki seansda birinci yeri tutan Xorxe Lorenso bu gün sərt təkərlərlə öz nəticəsini bir az da yaxşılaşdırıb. İspaniyalı sürücü Petruççidən cəmi 0.06 saniyə geri qalıb və ikinci yeri tutub.
Hektor Barbera, Mark Markes, Kal Kratçlou və Valentino Rossi ilk 6-lığı tamamlayan sürücülər olub.
MotoGP karyerasını 2012-ci ildə bitirdikdən sonra ilk dəfə Ducati ilə rəsmi seansa çıxan Keysi Stouner 9-cu pilləni tutub.
Bu gün keçirilən testlərdə sürücülərin çoxusu 5-ci döngədə qəza edib, amma heç biri qəzadan xəsarət almayıb.