F-1.az xəbər verir ki, Malayziyanın Sepanq trasında keçirilən ilk qış testlərində Lorenso birinci yeri tutub. O testlərdə 121 saniyədən sürətli yeganə sürücü olub. Lorensonun komanda yoldaşı Valentino Rossi isə 2-ci yeri tutub.
Xorxe Lorenso yeni YZR-M1 ilə 37 dövrə vurub. İspaniyalı sürücü 2:00.684 zaman nəticəsi göstərərək, keçən mövsüm Malayziya QP-sində əldə edilən ən sürətli dövrəyə yaxınlaşıb.
Valentino Rossi isə testlərin son saatında yaxşı dövrə atıb və 2:01.717 zaman nəticəsi göstərib.
Repsol Honda komandasından Dani Pedrosa 3-cü, Mark Markes isə 7-ci yeri tutub.
Danilo Petruççi Pramac Ducati komandası ilə testləri 4-cü pillədə başa vurub və bununla da Ducati-nin zavod komandasını geridə qoya bilib.
Ducati zavod komandasınım sürücüsü Andrea Yannone 5-ci pilləni tutub.
Qeyd edək ki, çərşənbə günü keçiriləcək qış testlərində Keysi Stouner Ducati komandası ilə trasa çıxacaq.