F-1.az xatırladır ki, Françesko Banyaya yarışa pouldan başlasa da, startda Cek Miller liderliyi ələ alıb. Lakin birinci dövrə bitməmiş avstraliyalı sürücü səhvə yol verib və 4-cü pilləyə qədər geriləyib. Françesko Banyaya isə birinci dövrədən sonra yenidən liderliyi ələ alıb.
Lakin yarışın ikinci dövrəsində lider yenidən dəyişib. Pramac komandasından Xorxe Martin arxa düzlükdə Françesko Banyayanı keçib və liderliyi ələ alıb. Bundan sonra ispaniyalı sürücü fərqi 0.7 saniyəyə qədər çıxarıb.
Lakin yarışın 11-ci dövrəsində Banyaya rəqibi Martinə yaxınlaşıb və fərqi 0.6 saniyəyə qədər salıb. 14-cü dövrədə isə bu fərq 0.3 saniyəyə qədər əriyib. Bu iki sürücü ön tərəfdə tək yarışırdı. Onlardan 3 saniyə sonra KTM sürücüsü Bred Binder və Yohan Zarko üçüncü yer uğrunda mübarizə aparırdılar.
Lakin yarışın 19-cu dövrəsində Binder rəqibi Zarkonun təzyiqinə tab gətirə bilməyib və yerə yıxılıb. Bununla da CAR-lı sürücü mübarizəni dayandırıb.
Yarışın 21-ci dövrəsində yarışın lideri dəyişib. Belə ki, Françseko Banyaya tempini yüksəldərək, təmiz ötmə edib və liderliyi ələ alıb. Amma italiyalı sürücünün liderlyi 3 dövrə çəkib. 24-cü dövrədə Xorxe Martin yenidən arxa düzlükdə mükəmməl hücum edərək, liderliyini bərpa edib. 27-ci dövrədə Banyaya yenidən birinciliyi qaytarmaq istəsə də, ispaniyalı sürücü buna imkan verməyib.
Son iki dövrədə isə MotoGP azarkeşləri sözün əsl mənasında nəfəslərini tutublar. Əvvəlcə Banyaya arxadan hücum etmək istərkən, MArtinin qazburaxma sisteminə toxunub. Bəxt iki sürücünün də yanında olub və yıxılmayıblar. İki sürücü son döngəyə qədər mübarizə aparıblar və finiş xəttini yan-yana keçiblər. Amma Xorxe Martin 0.06 saniyə cəld tərpənib.
Beləliklə, Martin 2021-ci ilin Ştiriya yarışından sonra ilk dəfə qalib gəlib və ikillik həsrətə son qoyub.