Monakoda hər şeyi ilk 500 metr həll edəcək?

Artıq mövsümün 6-cı yarışı olan Monakodayıq. Monako həmişə trasın quruluşuna görə digər Qran Prilərdən fərqlənib. Burada demək olar ki, hər şey sıralanma turunda həll olunur. 

Dünənki sıralanma turu həm sürücülər, həm də azarkeşlər üçün gərgin keçdi. Son ana qədər hamı nəfəsini tutmuşdu. Bunun da əsas səbəbi sıralanma turunun son 3 dəqiqəsində 4 dəfə liderin dəyişməsi idi. Əvvəlcə Okon, sonra Lekler, sonra Alonso liderliyi ələ alsalar da, Maks Ferstappen son sözü dedi. O, mükəmməl son sektor nəticəsi ilə Monte Karloda ilk dəfə poul qazandı.

Sözün düzü, Maksın son sektor performansı əfsanəvi idi. Təsəvvür edin ki, niderlandlı sürücü ilk iki sektordan sonra Alonsoya 0.2 saniyə uduzurdu. Artıq Aston Martin komandasının boksunda hamı poulu qeyd edirdi ki, Ferstappen finiş xəttini 0.088 saniyə üstünlüklə keçərək, “yaşıllar”ın sevincini yarıda qoydu. Bu isə o demək idi ki, 25 yaşlı pilot son sektorda Alonsodan təxminan 0.3 saniyə sürətlidir.

Ferstappenin poulu almasında son sektordakı düzlüklər də rol oynadı. Belə ki, RB19-un düzlük performansının yüksək olduğunu və Aston Martin AMR23-ün düzlüklərdəki zəifliyini nəzərə alsaq, son iki ilin çempionuna uğur qazanmağa maşın da kömək etdi. Lakin bu hal Maksın mükəmməl dövrəsinə kölgə salmamalıdır.

perez

Red Bull-un boksunda dünən həm sevinc, həm də kədər var idi. Maks aldığı poulla onları sevindirsə də, təxminən 1 ay əvvəl Azərbaycanda mükəmməl performans göstərən Peres ümidləri doğrultmadı və sıralanma turunun 7-ci dəqiqəsində etdiyi qəza ilə mübarizəni vaxtından əvvəl dayandırdı. Bu isə o deməkdir ki, meksikalı pilot bugünkü yarışa sonuncu yerdən start verəcək. Burada ötmənin çətinliyini nəzərə alsaq, Peres keçən il qalib gəldiyi Monakodan bu gün xalsız ayrıla bilər.

32 yaşlı pilot üçün pis xəbərlər bunlarla bitmir. Dünənki qəzada bolidin sol arxa asılqanı zədələnmişdi. Bu isə o deməkdir ki, güc qurğusunun bəzi elementləri də zədələnə və Çeko Monakoda yeni motor götürə bilər. Bundan başqa şassinin də tamamilə dəyişmə ehtimalı var. Yəni ki, Peres üçün həm mənəvi, həm də maddi cəhətdən pis həftəsonudur.

Günün digər qəhrəmanı isə Fernando Alonso idi. Son poulunu 2012-ci ilin Almaniya yarışında qazanan ispaniyalı sürücü 11 ildən sonra bu uğura yaxın olsa da, son anda Ferstappen onun həfəsini gözündə qoydu. Ancaq ikiqat Dünya Çempionunun əlində bu gün başqa bir şans daha var: 10 ildən sonra ilk qələbəsini qazanmaq. Buna görə də 41 yaşlı sürücü yarışı qazanmaq üçün startda Ferstappeni keçməyə çalışacaq. Bacarmasa, taktika ilə bunu etməyə çalışacaq, amma Pirelli yarışda 1 pit-stopun olacağını gözləyir. Belə olan halda hansı taktikadan söhbət gedə bilər? Buna görə tək ümid yağışa qalır.

Monakonun bəxtsizi isə yenə Şarl Leklerdir. Ferrari komandasının sürücüsünün üzü öz vətənində heç vaxt gülmədi. 2018 və 2019-cu ildə yarışda qəza edərək mübarizə yarımçıq dayandıran Şarl 2021-ci ildə yarışa belə çıxa bilməmişdi. 2022-ci ildə isə yarışa pouldan başlasa da, komandasının səhvinə görə 4-cü olmuşdu. Bu il də sıralanma turunda qənaətbəxş performansla üçüncü yerə yerləşsə də, sessiyadan sonra Norrisi əngəllədiyi üçün yarışın startında 3 yer itirmək cəzasl aldı və bugünkü yarışa 6-cı yerdən başlayacaq. Ümumilikdə Şarl bu il çox səhv edir. Avstraliyada startda səhv edərək mübarizəni dayandırdı, Mayamidə iki dəfə eyni yerdə qəza etdi və dünən Norrisi əngəllədyi üçün cərimələndi. Belə görünür ki, Ferrari-nin uğursuzluqları onu daha aqressiv olmağa məcbur edir və bu səbəbdən səhvlər artır.

Dünən Lyuis Həmilton əlindən gələni etdi. Maşını təkərləri gec qızdırdığı üçün silsilə dövrələr vurdu, amma maşınında yanacaq az olduğu üçün boksa qayıtmalı oldu. Nəticədə isə 6-cı yeri tutdu. Maşınına qədərində yanacaq qoyulsa, bəlkə 4-cü olacaqdı və Leklerin cəzası ilə yarışa 3-cü yerdən başlayacaqdı. Onda düzlüşü təsəvvür edin – Ferstappen, Alonso və Həmilton. İlk 3 yerdə 3 Dünya Çemionu və üçünün birlikdə 11 titulu var. Monakoya yaraşan start olmazdımı?

Dünənin göz dolduran komandalarından biri də Alpine idi. Göstərdikləri performansla ən yaxşı sözlərə layiq olduqlarını göstərdilər.

Bu gün bizi ya həddən artıq sıxıcı, ya da xaotik bir yarış gözləyə bilər. Əsas ümid isə yağışadır. Yoxsa hər şey yarışın ilk 500 metrində bitəcək kimi görünür…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*