Monakoda fərqli qalib görəcəyik?

Mövsümün ilk 5 yarışında Red Bull komandasının sürücüləri qələbələri öz aralarında bölüşüblər. Növbədə isə Monako yarışıdır. Bəs burada kim qalib gələcək?

Monako trası digərlərindən fərqlidir, çünki burada ötmə etmək çox çətindir. Hazırkı maşınlarla isə demək olar mümkünsüzdür. Buna görə də sıralanma turu burada çox vacib olacaq.

Burada son iki ildə Ferrari poul qazansa da, qazanan yenə də Red Bull komandasının sürücüləri olub. 2021-ci ildə bunun səbəbi Leklerin maşınının zədlənməsi olsa da, 2022-ci ildə Ferrari öz əlləri ilə qələbəni “qırmızı öküzlər”ə vermişdi.

Bu il Ferrari vahid dövrədə pis təsir bağışlamır. Xüsusən də, Şarl Lekler sıralanma turundakı performansı ilə yenə də insanları özünə heyran qoyur. Məsələn, O, Bəhreyndə 3-cü, Ciddədə 2-ci (cəzaya görə yarışa 12-ci başladı), Azərbaycanda isə 1-ci yerdən yarışa start vermişdi. Düzdür, yarış tempi zəif olduğu üçün yarışda Red Bull sürücüləri onu keçmişdi. Amma Monako elə trasdır ki, monakolu sürücü öz vətənində poul qazansa, yarışı qazana bilər, çünki Monte-Karlonun dar küçələrində ötmələr etmək mümkünsüzdür.

Ancaq digər komandalarda belə bir düşüncə var ki, Red Bull komandası sıralanma tempinə yox, əsasən yarış tempinə fokuslanır. Bəs görəsən bu nə dərəcədə doğrudur? Əgər doğrudan da belədirsə, Avstriya təmsilçisi vahid dövrəyə sazlanaraq, poul və yarışı rahatlıqla qazana bilər.

Monako yarışının digər favoritlərdən biri isə Aston Martin komandası sayılır. Xüsusən də, Fernando Alonso burada qazanmaq üçün əlindən gələni edəcək. Unutmayaq ki. ispaniyalı daha əvvəl iki dəfə Monakoda qalib gəlib. Özü də iki fərqli komanda ilə. Alonso burada Aston MArtin-lə qazanaraq, bir ilkə imza ata bilər – üç fərqli komanda ilə Monakoda yarış qazanmış ilk sürücü statusunu qazana bilər.

Ancaq unutmayaq ki, Aston Martin komandası vahid dövrədə elə də yaxşı deyil, çünki AMR23 təkərləri qızdırmaqda elə də məharətli deyil. Amma burada sıralanma turunda komandalar vahid dövrəyə yox, ardıcıl dövrələrə işlədikləri üçün “yaşıllar” yarışa yaxşı yerdən başlayıb, qələbə uğrunda mübarizə apara bilərlər.

Bu həftəsonunun ən böyük gözləntilərindən biri də Mercedes komandasıdır. “Gümüşü oxlar” Monte Karloya demək olar ki, yepyeni maşınla gələcəklər. Buna görə də nəinki Mercedes komandasının azarkeşləri, bütün Formula1 fanatları onların performansın səbirsizliklə gözləyirlər. Komanda yenilikləri qorumaq üçün qəza ehtimalı böyük olan Monakoda suyu üfürə-üfürə içməlidir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*