Monako yarışına yağış da maraq qata bilmədi

Formula1-in brilyant qaşı sayılan Monako yarşı geridə qaldı. Yarış gözlənildiyi kimi 500 metrdən ibarət oldu. Hətta, yağan yağış belə yarışa maraq qata bilmədi.

Red Bull komandasının sürücüsü Maks Ferstappen Monakoda qalib gələrək, ən yaxın izləyicisi olan Serxio Pereslə xal fərqini 39-a yüksəltdi. Eyni zamanda karyerasının 39-cu qələbəsini əldə etdi. Həm də 39 qələbə ilə Red Bull tarixinin ən çox yarış qazanan sürücüsü oldu. Daha əvvəl bu rekord 38 qələb ilə əfsanəvi Sebastyan Fetteldə idi.

Uzun sözün qısası, Maks Ferstappen üçün 39-lardan bol bir yarış idi. Yarış ərzində ekstra bir şey etmədi desək yeridir. Hətta, özünə əziyyət verib, sürətli dövrə də vurmadı. Onsuz da qələbə qazanmaq üçün əsas addımı şənbə günü sıralanma turunda poul alaraq atmışdı. Niderlandlı sürücünün çempion olmaması üçün artıq möcüzələr baş verməlidir. Növbədə onun güclü olduğu Barselona, Avstriya, Britaniya kimi ənənəvi traslar var.

alonso

Fernando Alonso isə yarışa yaöış ehtimalını düşünərək, Hard təkərlərlə başlamışdı. Əslində hər şey onun istədiyi kimi getdi. Yağış da yağdı. Ancaq o pitə gedib yağış təkərləri götürməkdənsə, yağışın tez kəsəcəyinə ümid edib, Medium təkərlərə keçdi. Buna görə də cüzi olan qələbə şansını əldən verdi.

Alpine F1 Team

Dünənin ən böyük qəhrəmanı isə Esteban Okon idi. Alpine ilə əvvəlcə arxasında bir Ferrari saxladı, daha sonra isə Mercedes-i… Yağış yağandan sonra da səhvə yol vermədi. Bununla da komandasına 2021-ci ilin Qətər yarışından sonra ilk podiumu qazandırdı. Özü də qismən ev trası sayılan Monakoda…

hamilton

Mercedes komandasına gəldikdə isə gətirdikləri yeniliklərin nə dərəcədə yaxşı olduğunu deyə bilmərik, çünki Monako yenilik sınamaq üçün ideal tras deyil. Növbədə real test trası olan Barselona var. Test etmək üçün ən mükəmməl tras deyə bilərik. Orada Mercedes-in yeni konseptinin nə dərəcədə yaxşı olduğunu görəcəyik. Amma unutmayaq ki, Aston Martin də keçən ilin ortasında saydpod dizaynını dəyişsə də, yaxşı nəticə almamışdılar. Mercedes-ə ən az bir il vaxt lazımdır…

Yazımı Serxio Pereslə bitirmək istəyirəm. Bir ay əvvəl Bakıda həm sprint, həm də əsas yarışı qazandıqdan sonra çempionluq uğrunda favorit halına gəlsə də, son iki yarışda demək olar ki, hər şeyi məhv etdi. Xüsusən də Monakoda sıralanma turunda etdiyi səhvlə demək olar ki, çempionluq uğrunda mübarizəyə ağ dəsmal atdı. Növbəti yarışlar Barselona, Avstriya və Britaniya kimi traslardadır. Çekonun bu traslardakı keçmişi isə heç də yaxşı deyil…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*