Monako Qran Prisi, 03.06.1984 (video)

F-1.az Formula1 tarixində özünəməxsus yeri olan yarışlar barədə material hazırlamağa davam edir. Bu gün söhbət açacağımız hadisə 1984-cü ilin bu gününə təsadüf edib. Amma əvvəlcə gəlin yarışöncəsi hadisələrin necə cərəyan etməsinə nəzər salaq.

1981-ci ildən McLaren komandasını ələ keçirmiş Ron Dennis nəzərdə tutduğu plan üzrə tələsmədən hərəkət edirdi. 1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə çox istedadlı bir gənci başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün inqilabi maşın hazırlamağa başladı. Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa sövq edə bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi. Ondan əvvəl isə Ron daha çətin bir qərar qəbul etmişdi – komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsona qapını göstərmişdi. Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi – işsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu.

Bütün səviyyələrdə yüksək ixtisaslı kadrları komandaya cəlb edən Dennisin yalnız bir problemi qalmışdı – yeni maşına rəqabətədavamlı, etibarlı və güclü motor tapmaq. Həmən dövrdə turbo mühərriklər artıq adi atmosfer motorlarından çox güclü olduqları üçün Ron düşünmədən turbo motor axtarışına başladı.

Sözün düzü, bu məsələdə Ronun bəxti gətirdi. Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada bir sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı. Əkrəm gənc oğlu Mənsurun adına komandanın səhmlərini alaraq onu komandaya həmsahib etmişdi. Amma Əkrəmin komandada rolu bununla başa çatmadı. Əkrəmin başçılıq etdiyi TAG (Techniques d’Avant Garde) şirkəti Frənk Uilyamsın yenidən qurduğu Williams komandasına sponsorluq edirdi. Ron isə Əkrəmi başqa bir sahəyə cəlb edə bildi – Porsche-nin motor mütəxəssislərinə yeni maşın üçün motor hazırlanması sifariş olundu. V-şəkilli 6 silindrli turbo motor çox yığcam və güclü olmaqla, həm də çox etibarlı alındı.

“Xəyalların komandası” həmin mövsümü çox güclü keçirdi, mövsümün 16 yarışında qazanılmış 12 qələbə komandanı 10 il əvvəlki səviyyəyə qaldırdı. Mövsümün əvvəli fransalı sürücü üçün uğurlu olsa da, mövsümün sonu avstriyalı veteran sürücü üçün məhsuldar alındı. Yekunda isə Formula1 tarixinin rekordu müəyyən oldu – titul uğrunda mübarizədə ən minimal xal fərqi, cəmi yarım xal. Və bu yarım xalı mövsümdə Monako Qran Prisi təyin etmişdi…

Renault komandasının çempionata gətirdiyi “turbo inqilab” baş tutmuşdu – Monakoya  gələn 30 sürücüdən yalnız 3 sürücünün maşınında adi atmosfer mühərrik çalışırdı. Arrows komandası maşının birini turbo, digərini isə atmosfer mühərriklə təchiz etmişdi, daha doğrusu knyazlığa bir yeni maşın gətirmişdi. Ken Tirrell isə turboya keçməyərək ənənəvi DFY motorlarına sadiq qalmışdı. Monakoda motorun gücü rol oynamasa da atmosfer mühərrikləri turbolu qardaşlarına 200 at qüvvəsi uduzurdular. Buna baxmayaraq, Tirrellin hər iki sürücüsü – həm Martin Brandl, həm də gənc və perspektivli Ştefan Bellof etibarlı motor hesabına hər yarış xal qazanırdılar.

Düzdür, Monakoda hər iki sürücü problemlərlə üzləşdi – əvvəlcə, Brandl sıralanma turunda Tabac döngəsində qəza edərək Tyrrell 012-ni darmadağın etdi, sonra isə Bellof güclə minimum həddi keçərək, sonuncu 26-cı yerdən start almaq şansı əldə etdi.

Bazar günü səhər tezdən knyazlığa yağış yağmağa başladı. Yarışa gələn gözəlçələr paddok səhayətlərini təxirə salmalı oldular. Yaxta sahibləri də açıq havada qurduqları məclisləri kayutalara köçürməli oldular. Start güclü yağış üzündən bir neçə dəfə təxirə salındı və nəhayət, 45 dəqiqədən sonra su şırnağı altında yarışa start verildi. Aydın məsələdir ki, yarış birinci döngədən damalı bayrağa qədər belə havaya xas olan qəzalar, yerində fırlanmalar, baryerlərə çırpılmalarla zəngin oldu.

Artıq Ste.Devote döngəsində Renault sürücüləri toqquşdular. Prostun yerinə Toleman-dan gələn perspektivli Derek Uorik komandadan gedən Eddi Çeveri əvəz edən Patrik Tambe ilə döngəni bölüşə bilmədi – nəticədə baş verən qəzada fransalı sürücünün ayağı sındı. Digər sürücülər ilk döngəni problemsiz keçsələr də, hər dövrədən sonra yarış iştirakçılarının sayı azalrıdı.

Yarışa Alen Prost başçılıq edirdi, amma 11-ci dövrədə Professoru Naycel Mənsell qabaqlaya bildi – Lotus-un heyətində 5-ci mövsümünü keçirən britaniyalı sürücü liderliyə yüksələn kimi sürətli dövrəyə imza atdı, amma 15-ci dövrədə Kazinoya yoxuşda maşını baryerlərə çırpdı. Yağış isə gah zəifləyir, gah da yenidən güclənirdi. Professor yenidən peletona başçılıq edirdi, Lauda komanda yoldaşına kifayət qədər uduzsa da, ikinci yerdə idi. Üçüncü yerə isə çempionatın debütantı San Pauludan gənc Ayrton Senna çıxmışdı.

Ayrton qışda bir çox komandalarla testlər keçirsə də, sonda öz seçimini zəif Toleman-da saxlamışdı. San Marinoda braziliyalı sürücü sıralanma turundan keçə bilməmişdi, amma Kyalami və Zolderdə altılıqda finiş görərək ilk xallarını qazanmışdı. Hələ aşağı seriyalarda çıxışları zamanı Ayrton məhz yağış altında güclü sayılırdı, indi isə Formula1-in liderləri onun gücünü görürdülər.

Senna çox gözəl manevrlə Laudanı keçdi və sürətlə Prostla fərqi azaltmağa başladı. 25-ci dövrədə trasda cəmi 9 maşın qalmışdı, hətta Niki Lauda da Kazinonun qarşısındakı meydanda baryerlərə çırpılmışdı.

Senna prosta yaxınlaşırdı. Başqa bir trasda McLaren və Toleman fərqli liqalarda çıxış edərdilər, amma yağış, özü də Monakoda vəziyyəti dəyişmişdi. Maraqlıdır ki, bu cütlüyü arxadan daha sürətlə Ştefan Bellof təqib edirdi. Tünd-göy rəngli Tyrrell 26-cı yerdən 3-cü yerə yüksəlmişdi, yarışın isə hələ heç ortası deyildi. Hərçənd, Monako Qran Prisinin direktoru belə düşünmürdü. Belçikalı Jaki İks baş hakim otağından qırmızı bayrağı götürərək aşağı düşdü, İks yarışı vaxtından əvvəl dayandırmaq istəyirdi.

Sonralar Formula1-in keçmiş vitse-çempionunun bu addımı ekspertlər tərəfindən birmənalı qarşılanmadı. Bir çoxları bu gün də hesab edirlər ki. İks bu addımı təhlükəsizlik baxımından etməmişdi. Məsələ ondadır ki, o zaman Formula1 karyerasını başa vuran Jaki dözümlülük yarışlarında Porsche-nin zavod komandasının şərəfini qoruyurudu. Alen Prostun maşınında isə bu zavodun motoru çalışırdı – ekspertlər hesab edirlər ki, Jaki qələbənin Porsche-yə qismət olması üçün əlindən gələni etmişdi. İstənilən halda, Monako Qran Prisi Prostun qələbəsi ilə başa çatdı.

Senna qırmızı bayraqlar altında Prostu keçdi və əlini sevincək yuxarı qaldırdı, amma sonra başa düşdü ki, yarış artıq başa çatıb və Prost sadəcə ayağını qazdan götürüb. Əgər qırmızı bayraqlar olmasaydı, 3-4 dövrədən sonra Senna gələcək rəqibinə çatacaqdı. Amma artıq heç kim bilmirdi sonra nə olacaqdı – Senna Prostu keçə bilərdi, sonra yarışı dayandıra bilərdi, Sennanı Bellof da keçə bilərdi. Bunlar hamısı artıq ehtimallardır. Fakt isə bu idi ki, knyaz Renyenin lojasına qeyri-adi üçlük yollandı. Çempionatın lideri və iki debütant: tale onlardan birini tezliklə zirvələrə qaldırıb sonra İmolada divarlara çırpacaq, digərini isə heç yüksəltmədən gələn il Spada tribunalara çırpacaq…

Monako Qran Prisinin digər xallarını isə Ferrari-dən Rene Arnu, Williams-dan Keke Rosberq və Lotus-dan Elio de Ancelis qazandılar. Amma bir neçə ay sonra Ken Tirrellin komandası çempionatdan qovuldu. Detroytda Martin Brandl ikincilik qazandıqdan sonra stüardlar Tyrrell 012-ni təftiş etdilər və motorun yanında gizli rezervuar tapdılar – komanda sonuncu pit-stopda buraya qurğuşunlu su tökürmüş ki, çəki yoxlamasını keçə bilsin, yəni yarışda maşın yüngül olurmuş. Ona görə də komandanın sürücülərinin bütün yarışlarda nəticələri ləğv olundu. Bununla da Monako Qran Prisində 6-cı yerə Ferrari-nin yeni sürücüsü Mikele Alboreto yüksəldi.

Yarışda qələbəyə görə Alen Prostun aktivinə cəmi 4.5 xal yazıldı. Əgər yarış davam etsəydi, hətta Sennanın arxasında finiş görsəydi, Prost ikinci yerə görə 6 xal qazanardı. Onda həmin il Professor cəmi bir xal üstünlüklə karyerasında ilk titulunu qazanardı…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*