F-1.az xatırladır ki, dünənki hər iki məşqdə Şarl Lekler Protokollara başçılıq etsə də, bugünkü sərbəst yürüşlərin ən sürətlisi Serxio Peres olub.
Startdan əvvəl səmanı buludlar örtüb, tras sürətlə soyuyub və asfaltla ilişmə azalıb. Sessiya məşqlərdən daha sərin havada başlayıb, sabahkı yarışda temperaturun daha da düşəcəyi, hətta yağış yağacağı gözlənilir.
İlk Sessiyada sürücülər ardıcıl dövrələrlə təkərləri qızdırmağa çalışıblar. Tıxac da əsas problemlərdən biri olub. Sona 2 dəqiqə, 25 saniyə qalmış qırmızı bayraqlar peyda olub – Tsunoda tuneldən sonrakı döngədə divarla toqquşub və təkəri partlayıb. Qısa fasilədən sonra sürücülər trasa qayıdıblar və sıxlıq olub. Ferrari və Red Bull sürücüləri ilə yanaşı, Rassell də ikinci cəhdindən imtina edib. Ən yaxşı nəticəni 1:12.569 ilə Lekler göstərib. Çjou, Latifi, Stroll, Qasli və Elbon mübarizəni dayandırıb.
İkinci Sessiyada sürücülərin çoxu işlənmiş təkərlə çıxaraq təzə dəsti ikinci cəhd üçün saxlayıb. Lekler 1:11.864-lik nəticə ilə həftəsonu ərzində 72 saniyənin altına enən ilk sürücü olub. Perez ona cüzi uduzsa da, digərləri ilə fərq kifayət qədər böyük olub. Şumaxer, Rikkardo, Maqnussen, Bottas və Tsunoda ilk onluğa düşə bilməyib.
Son sessiyada Şarl Lekler ilk cəhdində fantastik nəticə göstərib – 1:11.376. Red Bull-dan olan rəqibləri ona kifayət qədər uduzublar. Rassellin nəticəsi döngəni kəsdiyi üçün ləğv edilib. İkinci cəhddə Lekler və Ferstappen daha yaxşı nəticə ilə getsələr də, qırmızı bayraqlar onlara mane olub. Sayns tunelin girişindən əvvəlki döngədə qəza edib, Sayns da maşını saxlaya bilməyərək onunla toqquşub və yol tamamilə bağlanıb. Elə bu vaxt Alonso da 5-ci döngənin çıxışında qəza edib. Sona 30 saniyə qaldığından, sessiya bərpa edilməyib.
Şarl Lekler mövsümdə beşinci, karyerasında isə 14-cü pouluna sevinib. Karlos Sayns ikinci yeri tutaraq Ferrari-nin bu il ikinci dəfə ilk cərgədən başlamasına şərait yaradıb. İkinci cərgə isə Serxio Peres və Maks Ferstappen tərəfindən zəbt edilib. Onların arxasından isə Lando Noris və Corc Rassell start alacaqlar.
Sabah yağış ehtimalı var, odur ki, bizi çox xaotik və maraqlı Monako Qran Prisi gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 16 | Şarl Lekler | Ferrari | 1 | 1:12.569 | 9 | 1 | 1:11.864 | 9 | 1:11.376 | 6 |
2 | 55 | Karlos Sayns | Ferrari | 2 | 1:12.616 | 9 | 3 | 1:12.074 | 11 | 1:11.601 | 5 |
3 | 11 | Serxio Peres | Red Bull | 7 | 1:13.004 | 9 | 2 | 1:11.954 | 9 | 1:11.629 | 7 |
4 | 1 | Maks Ferstappen | Red Bull | 6 | 1:12.993 | 9 | 4 | 1:12.117 | 9 | 1:11.666 | 7 |
5 | 4 | Lando Norris | McLaren | 5 | 1:12.927 | 12 | 5 | 1:12.266 | 8 | 1:11.849 | 7 |
6 | 63 | Corc Rassell | Mercedes | 3 | 1:12.787 | 11 | 9 | 1:12.617 | 9 | 1:12.112 | 7 |
7 | 14 | Fernando Alonso | Alpine | 12 | 1:13.394 | 11 | 10 | 1:12.688 | 6 | 1:12.247 | 5 |
8 | 44 | Lyuis Həmilton | Mercedes | 13 | 1:13.444 | 12 | 7 | 1:12.595 | 10 | 1:12.560 | 7 |
9 | 5 | Sebastyan Fettel | Aston Martin | 10 | 1:13.313 | 12 | 8 | 1:12.613 | 9 | 1:12.732 | 7 |
10 | 31 | Esteban Okon | Alpine | 4 | 1:12.848 | 11 | 6 | 1:12.528 | 6 | 1:13.047 | 5 |
11 | 22 | Yuki Tsunoda | AlphaTauri | 9 | 1:13.110 | 10 | 11 | 1:12.797 | 10 | ||
12 | 77 | Valtteri Bottas | Alfa Romeo | 15 | 1:13.541 | 9 | 12 | 1:12.909 | 8 | ||
13 | 20 | Kevin Maqnussen | Haas | 8 | 1:13.069 | 11 | 13 | 1:12.921 | 9 | ||
14 | 3 | Daniel Rikkardo | McLaren | 11 | 1:13.338 | 12 | 14 | 1:12.964 | 9 | ||
15 | 47 | Mik Şumaxer | Haas | 14 | 1:13.469 | 10 | 15 | 1:13.081 | 7 | ||
16 | 23 | Aleksander Elbon | Williams | 16 | 1:13.611 | 14 | |||||
17 | 10 | Pyer Qasli | AlphaTauri | 17 | 1:13.660 | 10 | |||||
18 | 18 | Ləns Stroll | Aston Martin | 18 | 1:13.678 | 11 | |||||
19 | 6 | Nikolas Latifi | Williams | 19 | 1:14.403 | 13 | |||||
20 | 24 | Quanyu Çjou | Alfa Romeo | 20 | 1:15.606 | 9 |