SIRALANMA TURU
Daniel Rikkardo çıxdığı 135-ci yarışda ikinci poulunu əldə edib. İlk poulunu da iki il əvvəl məhz Monte Karloda qazanmışdı.
Daniel Rikkardonun poulu 250-ci yarışını keçirən Red Bull komandası üçün 59-cu olub.
Daniel Rikkardo Formula1 tarixində ilk iki poulunu Monakoda qazanmış yeganə sürücüdür. Monte Karlo həm də Red Bull-un hibrid motorlara keçdikdən sonra iki poul əldə etdiyi yeganə trasdır.
Sıralanma turunda ikinci olan Sebastyan Fettel 88-ci dəfə yarışa ilk cərgədən başlamaq haqqı qazanıb və bu göstəriciyə görə Ayrton Sennanı (87) geridə qoyub. Lider Həmiltona (121) çatmağa isə hələ çox var…
Niko Hülkenberq Monakoda sıralanma turlarında 5-ci dəfə 11-ci yeri tutub.
YARIŞ
Monakodakı qələbə Daniel Rikkardonun karyerasında 7-ci olub. Bu, həm də avstraliyalının yarışa ilk üçlükdən başlayaraq əldə etdiyi ilk zəfərdir. O, qələbə sayına görə Rene Arnu və Xuan Pablo Montoyaya çatıb və ümumi reytinqdə 37-ci yerdə qərarlaşıb.
Daniel Rikkardo karyerasında ilk dəfə mövsümün ilk 6 yarışında 2 qələbə qazana bilib.
Daniel Rikkardo Formula1 tarixində pouldan başlayaraq qələbə qazanan 61-ci sürücü olub.
Daniel Rikkardonun qələbəsi Red Bull-un 250 yarışlıq tarixində 57-ci qələbə olub.
Geridə qalan 6 yarışda üç sürücünün (Fettel, Həmilton və Rikkardo) iki qələbəsi var. Belə hal son dəfə düz 10 il əvvəl baş vermişdi və o vaxt Həmilton, Rəykkönen və Massanın hesabında ilk 6 yarışdan sonra iki qələbə var idi.
Sebastyan Fettel və Lyuis Həmilton Monakoda 6-cı dəfə podiuma yüksəliblər. Bu göstəriciyə görə lider Ayrton Sennadır – 8 podium. Mixael Şumaxer və Qrəhəm Hill isə Monte Karloda 7 dəfə yarışı ilk üçlükdə başa vurublar.
Lyuis Həmilton yarışda üçüncü olaraq komandasına ardıcıl 20-ci podiumu qazandırıb. O, həm ardıcıl xal qazandığı yarış sayını 31-ə çatdıraraq rekordunu daha da möhkəmləndirib.
Yarışda 10-cu olan Karlos Sayns karyerasında ilk dəfə ardıcıl 4 yarışı xalla başa vura bilb.
Yarışda start alan 20 sürücünün 19 nəfəri yekun protokolda yer ala bilib – bu, 2007-ci ildəki rekordun təkrarıdır, amma o zaman yarışda 22 sürücü start almışdı.