Monako-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonası

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonasını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, digər traslardan fərqli olaraq Monakoda Formula1 sürücülərini yalnız bir DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, Monako trasının konfiqurasiyası çox nadir hallarda dəyişdirilir və 1951-ci ildən bu günə qədər cəmi 10 dəfə dəyişdirilib, həm də bu dəyişikliklər çox minimal olublar. Məsələn, iki il 12-14-cü döngələrin konfiqurasiyası dəyişdiyi üçün trasın uzunluğu 3 metr qısalıb.

Amma bu dəfə təşkilatçılar passiv təhlükəsizlik sistemlərini yeniləyərək, trasın yarısında asfalt örtüyünü də dəyişiblər. Bu isə dəyişikliklərin tam siyahısıdır:

– Birinci, 4-cü, 11-ci, 12-ci və 15-ci döngələrdə TecPro baryerləri yenilənib.

– Birinci və 3-cü, eləcə də 4-cü və 5-ci döngələr arasındakı təhlükəsizlik relslərinə əlavə dayaqlar bərkidilib. Həm də bu relslər trasdan səkiyə qaldırılıb. 13-cü döngənin daxilindəki təhlükəsizlik relsinin hündürlüyü 3 cərgəyə çatdırılıb və buraya qoruyucu tor da quraşdırılıb.

– Start xəttindən 1-ci döngədən 50 metr sonrayadək, 4-cü döngədən 8-ci döngəyədək, tunelin çıxışından 10-cu döngəyədək, 12-ci və 14-cü döngələr arasında, 19-cü döngədən finiş xəttinədək olan ərazilərdə asfalt örtüyü yenilənib.

– 15-ci və 16-cı döngələr arasındakı trasdan kənar zonada süni maneələr sökülüb, trasa paralel uzun bir ədəd süni maneə quraşdırılıb. Bu maneə 16-cı döngədə porebrikdən sonra, TecPro baryerinindən 3 metr öndə yerləşir.

FİA-nın saytına istinadən bildiririk ki, ötmə zonası da dəyişməz qalıb – hovuzun çıxışında, 16-cı döngədən 80 metr sonra sürücülər arasındakı interval ölçüləcək, əgər bu fərq 1 saniyədən az olarsa, onda 19-cu döngədən 18 metr sonra geridə olan sürücü arxa qanadın hərəkətli elementindən (DRS) start-finiş düzlüyündə istifadə edə biləcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*