F-1.az xatırladır ki, İndy500 yarışında iştirak etmək üçün ABŞ-a yollanan Fernando Alonsonu Monakoda keçmiş komanda yoldaşı, karyerasını keçən il başa vurmuş 2009-cu ilin dünya çempionu Censon Batton əvəzləyir. Buradakı yarışda McLaren xal qazanmağa ümid edə bilər, lakin cümə axşamı keçirilən sərbəst yürüşlərdən sonra güc qurğusunda edilən dəyişikliklərə görə Battona startda 15 yer itirmək cəzası verilib.
Pirelli Monakoya ən yumşaq üç tərkibi – Soft, SuperSoft və UltraSoft təkərləri gətirib. Lakin Mario İzola cümə axşamı etiraf etmişdi ki, Monte Karlo üçün hətta UltraSoft təkərlər də çox sərtdir. Daha sonra isə verdiyi müsahibədə bildirmişdi ki, bir dəst UltraSoft təkərlə 77 dövrə vurmaq mümkündür (qeyd edək ki, Monakoda yarış 78 dövrə davam edir).
Sərbəst yürüşlərin ilk sessiyasında Həmilton protokollara başçılıq etsə də, cümə axşamı nahardan sonra və bu gün səhər baş tutan sessiyalarda Fettel hamıdan sürətli olmuşdu. İkinci sessiyadan etibarən Mercedes AMG-nin Ferrari-dən geridə olduğu üzə çıxmışdı. Çoxları bunu sürpriz hesab etmirdi, çünki uzun təkər bazasının dar döngələrdə problem yaradacağı əvvəlcədən proqnozlaşdırılırdı.
Force İndia mexanikləri bu gün sərbəst yürüşlərdə qəza edən Esteban Okonun maşınını sıralanma turunun əvvəlinə qədər bərpa edə bilməyiblər – fransız sürücü yalnız startdan 8 dəqiqə sonra trasa çıxa bilib.
Birinci sessiyada bütün sürücülər trasa UltraSoft təkərlərlə yollanıblar. Onlar təkərlərin optimal temperatura çatması üçün ardıcıl dövrələr vurmalı olublar. Palmer arxa təkəri deşildiyi üçün boksa gəlməli olub, lakin sonra yenidən trasa qayıdıb. Sessiyanın 6-cı dəqiqəsində Roman Qrojan yerində fırlanıb və maşını hərəkət istiqamətinin əksinə dayanıb. Sayns son anda toqquşmadan qaça bilib. Roman daha sonra hərəkəti davam etdirib. Erikssonun maşınının baryerlə təmasdan sonra arxa sol təkəri yerindən çıxıb və isveçli sürücü dərhal maşını təhlükəsizlik cibinə sürüb. Ferstappen protokollara başçılıq edib – 1:13.078. Okon, Palmer, Stroll, Verlyayn və Eriksson mübarizəni dayandırıblar.
İkinci sessiyada da hamı UltraSofft-larla işləyib. Rəykkönen ilk sürətli dövrəsində hamını üstələyib. Həmilton maşında problemlər olmasından şikayətlənib və boksa gəlib. Lakin qısa müddətdən sonra yenidən trasa qayıdıb. Son dəqiqələrdə Vandorn 16-cı döngədə qəza edib və sarı bayraqlar dalğalanıb. Bu, ilk iki sektorda öz nəticələrini yaxşılaşdıran və 10-cu yerdəki sürücünün nəticəsini üstələyən Həmilton üçün pis xəbər olub – britaniyalı üçüncü sessiyaya keçə bilməyib və sıralanma turunu 14-cü yerdə başa vurub. Mübarizəni dayandıran digər sürücülər Kvyat, Hülkenberq, Maqnussen və Massa olublar. Rəykkönen ən sürətli olub – 1:12.231.
Son sesiyada Rəykkönen ilk cəhddə 1:12.296-lıq nəticə göstərib və yenə hamını üstələyib. İkinci cəhddə isə nəticəsini daha da yaxşılaşdırıb və trasın yeni rekordunu müəyyən edib – 1:12.178! Bu, Kiminin karyerasında 17-ci, 2008-ci ildə keçirilmiş Fransa Qran Prisindən bəri ilk pouludur. Fettel komanda yoldaşına 0.043 saniyə uduzub və Ferrari bu il Rusiyadan sonra ikinci dəfə start düzlüyündə ilk cərgəni zəbt edib. Üçüncü yeri tutan Bottas isə Fetteldən çox cüzi geri qalıb – cəmi 0.002 saniyə. Yarışa onun yanından Ferstappen başlayacaq. Üçüncü sıranı isə Rikkardo və Sayns bölüşəcəklər.
Sabah bizi hər bir sürprizin baş verə biləcəyi yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 7 | Kimi Rəykkönen | Ferrari | 3 | 1:13.117 | 8 | 1 | 1:12.231 | 7 | 1:12.178 | 8 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 2 | 1:13.090 | 8 | 2 | 1:12.449 | 7 | 1:12.221 | 8 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 5 | 1:13.325 | 10 | 4 | 1:12.901 | 10 | 1:12.223 | 10 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1 | 1:13.078 | 8 | 3 | 1:12.697 | 9 | 1:12.496 | 7 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 4 | 1:13.219 | 6 | 5 | 1:13.011 | 9 | 1:12.998 | 6 |
6 | 55 | Karlos Sayns | Toro Rosso | 7 | 1:13.526 | 9 | 8 | 1:13.397 | 11 | 1:13.162 | 10 |
7 | 11 | Serxio Peres | Force İndia | 8 | 1:13.530 | 6 | 9 | 1:13.430 | 9 | 1:13.329 | 8 |
8 | 8 | Roman Qrojan | Haas | 12 | 1:13.786 | 13 | 6 | 1:13.203 | 10 | 1:13.349 | 6 |
9 | 22 | Censon Batton | McLaren | 11 | 1:13.723 | 12 | 10 | 1:13.453 | 9 | 1:13.613 | 6 |
10 | 2 | Stoffel Vandorn | McLaren | 6 | 1:13.476 | 11 | 7 | 1:13.249 | 9 | – | 0 |
11 | 26 | Daniil Kvyat | Toro Rosso | 15 | 1:13.899 | 10 | 11 | 1:13.516 | 9 | ||
12 | 27 | Niko Hülkenberq | Renault | 13 | 1:13.787 | 12 | 12 | 1:13.628 | 9 | ||
13 | 20 | Kevin Maqnussen | Haas | 9 | 1:13.531 | 11 | 13 | 1:13.959 | 9 | ||
14 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 10 | 1:13.640 | 9 | 14 | 1:14.106 | 9 | ||
15 | 19 | Felipe Massa | Williams | 14 | 1:13.796 | 14 | 15 | 1:20.529 | 6 | ||
16 | 31 | Esteban Okon | Force İndia | 16 | 1:14.101 | 7 | |||||
17 | 30 | Colion Palmer | Renault | 17 | 1:14.696 | 11 | |||||
18 | 18 | Ləns Stroll | Williams | 18 | 1:14.893 | 7 | |||||
19 | 94 | Paskal Verlyayn | Sauber | 19 | 1:15.159 | 11 | |||||
20 | 9 | Markus Eriksson | Sauber | 20 | 1:15.276 | 11 |