SIRALANMA TURU
Kimi Rəykkönen karyerasında 17-ci poulunu əldə edib. Finlandiyalı poul sayına görə Ceki Stüarta çatıb və bunun üçün 2008-ci ildə keçirilən Fransa Qran Prisindən bəri 128 yarış gözləməlib olub.
Kimi Rəykkönenin poulu finlandiyalı sürücülər üçün 50-ci olub.
Ferrari komandası 2012-ci ildən bəri ilk dəfə bir mövsümdə iki poul əldə edib.
Serxio Peres Monakoda yarışa dörd dəfə 7-ci yerdən başlayan ilk sürücü olub.
Artıq üçüncü ildir ki, Monte Karloda yarışa pouldan başlayan sürücü qələbə qazana bilmir. Belə hal son dəfə 1980-1982-ci illərdə olub.
YARIŞ
Monakodakı qələbə Sebastyan Fettelin mövsümdə üçüncü, karyerasında isə 45-ci qələbəsidir. Alman sürücü Alen Prosta daha bir addım yaxınlaşıb. Geridə qalan 6 yarışın yarısında Fettel, ikisində Həmilton, birində isə Bottas qalib gəlib.
Yer | Sürücü | Qələbə sayı |
1 | Mixael Şumaxer | 91 |
2 | Lyuis Həmilton | 55 |
3 | Alen Prost | 51 |
4 | Sebastyan Fettel | 45 |
5 | Ayrton Senna | 41 |
Sebastyan Fettel Monakoda alman sürücülərin uğurlu çıxışını davam etdirib – burada keçirilən son 14 yarışın 10-da məhz bu ölkənin sürücüləri qalib gəliblər.
Ferrari Mercedes AMG-nin Monakoda 2013-cü ildən bəri davam edən qələbə seriyasını qırıb.
Kimi Rəykkönen burada 2009-cu ildən bəri ilk dəfə podiuma yüksəlib.
Ferrari 2010-cu ildə keçirilən Almaniya Qran Prisindən bəri ilk dəfə dubl edib.
Daniel Rikkardo karyerasında 20-ci dəfə podiuma yüksələrək bu göstəriciyə görə Nino Farina və Con Uotsona çatıb. Avstraliyalı sürücü Monakoda son dörd ildə üçüncü dəfədir ki, bu uğuru əldə edir.
Yarışı altıncı yerdə başa vuran Karlos Sayns karyerasındakı ən yaxşı nəticəni təkrarlayıb – Toro Rossonun sürücüsü keçən mövsüm vətənində, ABŞ-da və Braziliyada altıncı olmuşdu. Karlosun Monakodakı uğuru hesabına ispan sürücülər Formula1-də 2000 xal baryerini aşıblar.
Monakoda 2011-ci ildən bəri ilk dəfə Mercedes AMG sürücüsü podiumda olmayıb. Komandanın 21 yarışlıq podium seriyası da qırılıb. Bu, Formula1 tarixində ən uzun dördüncü seriyadır. Birinci yerdə isə Ferraridir – 1999-cu ildə Keçirilən Malayziya Qran Prisindən 2002-ci ildə keçirilən Yaponiya Qran Prisinə qədər 53 yarış.
Haas komandası tarixində ilk dəfə hər iki sürücü ilə xal qazanıb.
McLaren debüt mövsümündən bəri birinci dəfədir ki, mövsümün ilk altı yarışını xalsız başa vurur.
Yarışı 13-cü yerdə başa vuran Serxio Peresin 15 yarışlıq xal qazanmaq seriyası qırılıb. Hazırda davam edən ən uzun seriya Sebastyan Fettel və Lyuis Həmiltondadır – 11 yarış.
Karyerasında 306-cı dəfə start alan Censon Batton bu göstəriciyə görə Mixael Şumaxerə çatıb. Formula1 tarixinin ən təcrübəli sürücüsü isə Rubens Barrikellodur – 322 start…