F-1.az bildirir ki, elektrik maşınların yarışında trasın tam uzunluğundan deyil, daha qısa konfiqurasiyasından istifadə olunub. Düzdür, builki konfiqurasiya keçənilkindən fərqlənib və 600 metr daha uzun olub, sonuncu sektordakı şikana isə tamamilə götürülüb.
Sərbəst yürüşlərin ilk sessiyası keçən il bu trasda qələbə qazanmış Audi komandasının sürücüsü Daniel Abtın ciddi qəzası ilə yadda qalıb. Sessiyanın sonuna az qalmış maşının proqram təminatındakı xəta üzündən əyləclər işləməkdən imtina edib və Abt 9-cu döngədə trasdan çıxaraq böyük sürətlə baryerlərə çırpılıb. Qəza anında yüklənmə 20G-ni aşdığı üçün helikopterlə xəstəxanaya çatdırlan sürücüdə ciddi xəsarət müəyyən edilməyib və o, arxa cərgədən starta buraxılıb.
Bir neçə saat əvvəl baş tutmuş sıralanma turunda onun həmyerlisi Andre Lotterer idman tarixində Porsche-yə ilk poul qazandırıb. Jaguar-ın sürücüsü Mitç Evans rəqibinə cəmi 0.063 saniyə uduzub. Mahindra komandasının sürücüsü Paskal Verlyayn protokollarda 3-cü sətri tutsa da, komandanın hər iki sürücüsü mərhələyə yeni ötürmələr qutusu ilə gəldikləri üçün son yerlərdən start almaqla cəzalanıblar. Ona görə də 3-cü yerə Mercedes-in pilotu Nik de Vriz yüksəlib.
Sebastyen Buemi (Nissan e.Dams) də bir pillə irəliləyib, ilk beşliyi isə Səm Börd (Virgin Racing) tamamlayıb. Son iki ilin çempionu Jan Erik Vern (DS Techeetah) yalnız 8-ci, onun komanda yoldaşı Antonio Feliks da Koşta isə 9-cu nəticə göstərib.
Start Lotterer üçün uğursuz alınıb, daha doğrusu, Evans daha yaxşı start alıb – pouldan start alan rəqibin maşınını kənara qətiyyətlə itələyib və liderliyi ələ alıb. Arxada de Vriz 2-ci, Buemi isə 3-cü yerə yüksəlib, poulun sahibi dördüncü pilləyə yuvarlanıb.
Artıq ikinci dövrədə qəza baş verib: Dragon komandasının sürücüsü Niko Müller maşını trasda saxlaya bilməyib və baryerlərə çırpılıb. Təhlükəsizlik maşını bir neçə dövrə peletona başçılıq edib. Restartda Evans liderliyini qoruya bilib, Buemi 2-ci, Börd isə 3-cü yerə yüksəlib. De Vrizin maşını ənənəvi olaraq startda yüngül xəsarət alıb və hollandiyalı sürücü 5-ci pilləyə geriləyib.
İkinci dəfə sarı bayraqlar 7-ci dövrədə dalğalanmağa başlayıb – F1 veteranı Felipe Massanın qəzasından sonra, amma braziliyalı sürücü maşını təhlükəsiz yerə çatdıra bilib və yarış davam edib.
Evans 8-ci dövrədə Buemi üzərində üstünlüyünü artıq 2.5 saniyə çatdırıb, fransalı sürücü Bördün aramsız hücumlarına tab gətirə bilməyib və britaniyalı növbəti dövrədə irəli çıxıb. Amma Evans ondan sürətli olduğu üçün qələbə uğrunda mübarizədən söhbət getməyib.
18-ci dövrədə de Vriz və Robin Fryaynsın maşınları arasında sərt təmas yaşanıb, da Koştanın hücumlarından müdafiə olunan Nik səhvə yol verib və trasdan çıxaraq Robinlə toqquşub. Vriz mübarizəni dayandırıb, Robin bir neçə rəqibini irəli buraxsa da, yoluna davam edib. Bu insidentdən yararlanan da Koşta isə 4-cü yerə yüksəlib və Buemi ilə fərqi azaltmağa başlayıb. Vern də komanda yoldaşından geri qalmamağa çalışıb.
25-ci dövrədə da Koşta komandanın tələbi ilə Verni irəli buraxıb, əlavə enerji rejimində olan fransalı sürücü həmyerlisi Buemiyə bir neçə hücum etsə də, onu keçə bilməyib və mövqeyini komanda yoldaşına qaytarıb. Portuqaliyalı sürücü ruhlanaraq ilk fürsətdəcə Buemini arxada qoyub və ilk üçlüyə daxil olub.
Finişə 5 dəqiqə qalmış da Koştanın hücumlarını dəf etməyə çalışan Börd səhvə yol verib, daha doğrusu onun maşınında təkərlər yeyilib və əyləclər effektivliyini itirib. Evansın bu zaman üstünlüyü artıq 5 saniyəni keçib.
Beləliklə, Evans idman tarixində Jaguar üçün ikinci qələbəni qazanıb, da Koşta finişdə ikinci, Buemi isə üçüncü olub. Sonuncu dünya çempionu Vern bu dəfə finiş xəttini 4-cü keçib, ilk beşliyi isə BMW-nin sürücüsü Aleksandr Sims tamamlayıb.
Mövsümün dörd mərhələsindən sonra BMW komandası Mühəndislər Kubokunda liderliyini qoruyub, ancaq sürücülərin çempionatında lider dəyişib: Jaguar-ın sürücüsü Mitch Evans bu qələbə sayəsində 6-cı yerdən birinciyə yüksəlib – 47 xal. Lakin onu ikinci olan Simsdən cəmi bir xal ayırır, buna görə də fevralın sonunda Mərakeşdə baş tutacaq növbəti mərhələdə vəziyyət tam dəyişə bilər.