F-1.az xatırladır ki, “gümüşü oxlar” 2014-cü ildə turbo era başladıqdan sonra zirvəni əldən verməyərək 5 dəfə Mühəndislər Kubokunda, 5 dəfə də Sürücülər Çempionatında qalib olublar. Almaniya təmsilçisi keçən il Ferrari və Red Bull-un təzyiqlərinə baxmayaraq titulunu qoruya bilib. Komanda bu il beşqat Dünya Çempionu olan Lyuis Həmilton və Formula1 karyerasında 3 yarış qazanmış Valtteri Bottasla yarışacaq.
Mercedes yeni bolidində gümüşü, qara və firuzəyi rəng çalarını saxlasa da, xırda dəyişikliklər var. Belə ki, Halo artıq qara yox, gümüşü rəngdədir. Komanda keçən ildən fərqli olaraq mühərrik qapağına kiçik ulduzlar qoyub. Bundan başqa Petronas xətti öndən arxaya qədər uzanır. W10 indiyə kimi təqdim edilmiş maşınlar arasında fərqli ön qanada sahibdir. Saydpod üzərindəki qanadcıqlar da diqqətdən yayınmır.