F-1.az xatırladır ki, Yaponiya yarışının finişinə bir dövrə qalmış Lyuis Həmiltonun son şikanda hücumundan müdafiə olunan Ferstappen birdən trasın daxilinə doğru yerini dəyişib. Lyuis onun bu hərəkətindən sonra dərhal sola çəkilib və döngəyə girə bilmədiyi üçün trasdan çıxmalı olub. Bu insidentdən sonra Lyuis radio ilə komandasına Ferstappenin əylənmə zonasında trayektoriyasını dəyişdiyi barədə gileylənib.
Yarışın stüardları formal olaraq bu insidenti heç araşdırmayıblar və Maksa heç bir cərimə tətbiq olunmayıb, amma MotorSport.com məlumat yayıb ki, FİA-nın yarış direktoru Çarli Uaytinq və keçmiş Formula1 sürücüsü Emanuele Pirronun daxil olduğu stüardlar briqadası Ferstappenlə görüşərək bu insidenti müzakirə ediblər.
İnsidentin cəriməsiz qaldığını görən Mercedes komandası FİA-nın stüardlarına rəsmi protest göndərib – komanda Red Bull sürücüsünü Formula1-in İdman Reqlamentinin 27.5-ci maddəsinin pozulmasında günahkar hesab edir.
Mercedes komandasının arqumentlərini dinləyən stüardlar qərara alıblar ki, belə vəziyyətdə ədalətli qərar qəbul etmək üçün sürücüləri dinləmək lazımdır, ona görə də Beynəlxalq İdman Kodeksinin 11.9.2.s bəndinə əsasən protest növbəti Qran Prinin stüardlarına ötürülüb.
Amma bundan sonra komanda stüardlara xəbər verərək protesti geri çağırıb. Məsələ bununla bitib və Yaponiya Qran Prisinin nəticələri rəsmən təsdiq olunub. Deyilənlərə görə, bu barədə Lyuis Həmilton komandadan xahiş edib…