“Gümüşü oxlar” hibrid güc qurğuları erasının ilk 3 ilini zəfərlə başa vurublar. Niko və Lyuis bu 3 ildə 51 qələbə qazanaraq 2169 xal toplayıblar. Komandanın mətbuat xidməti bu gün maraqlı bir statistika yayıb – F-1.az həmin statistikanı nəzərinizə çatdırır…
Nailiyyət | 2014-cü il | 2015-ci il | 2016-cı il | Ümumi |
Qələbələr | 16 | 16 | 19 | 51 |
Podiumlar | 31 | 32 | 33 | 96 |
Poullar | 18 | 18 | 20 | 56 |
İlk cərgədən startlar | 30 | 33 | 35 | 98 |
Sürətli dövrələr | 12 | 13 | 9 | 34 |
Qələbə dublu | 11 | 12 | 8 | 31 |
Xallar | 701 | 703 | 765 | 2169 |
NİKO ROSBERQ
Bu il Niko uşaqlıq arzusunu reallaşdıraraq dünya çempionu olub. Titula aparan yolda Niko 9 qələbə qazanıb və ən çox sürətli dövrəyə imza atıb. Bundan başqa…
– tarixdə 3-cü dəfə titulun taleyi Əbu Dabidə həll olunub
– Niko və onun atası Keke – Formula1-də çıxış edən 13-cü ata və oğuldurlar
– Niko və onun atası Keke – Formula1-də dünya çempionu olan 2-ci ata və oğuldurlar (Qrəhəm və Deymon Hilldən sonra)
– Niko atası Kekedən 34 il sonra titul qazanıb
– Niko və onun atası Keke 6 nömrəli maşının sükanı arxasında çempion olublar
– Niko Formula1-də 3-cü almaniyalı çempiondur (Mixael Şumaxer və Sebastyan Fetteldən sonra)
– Niko və onun atası Keke fərqli ölkələri təmsil ediblər, Almaniya və Finlandiyanı. Hər iki ölkədən 3 dünya çempionu çıxıb və hər iki ölkədə Rosberq soyadlı çempion yetişib
– Niko bu il qət etdiyi 1268 dövrədən 957-də (75%) ilk üçlükdə olub
– keçənilki Meksika Qran Prisindən builki Rusiya Qran Prisinədək Niko ardıcıl 7 qələbə qazanıb
– mövsümdən mövsümə Niko qələbələrinin sayını artırıb: 2012-ci ildə bir, 2013-cü ildə iki, 2014-cü ildə beş, 2015-ci ildə altı və 2016-cı ildə doqquz
Niko Rosberq | 2014-cü il | 2015-ci il | 2016-cı il | Ümumi |
Qələbələr | 5 | 6 | 9 | 20 |
Podiumlar | 15 | 15 | 16 | 46 |
Poullar | 11 | 7 | 8 | 26 |
İlk cərgədən startlar | 15 | 15 | 20 | 50 |
Sürətli dövrələr | 5 | 5 | 6 | 16 |
Xallar | 317 | 322 | 385 | 1024 |
Çempionatda mövqe | 2 | 2 | 1 | – |
LYUİS HƏMİLTON
Lyuisə het-trik etməyə – ardıcıl 3-cü titulunu qazanmağa çox az xal çatmayıb. Mercedes-də iki ardıcıl uğurlu mövsümdən sonra Lyuis komanda yoldaşı Niko Rosberqə uduzub. Amma buna baxmayaraq, Lyuis bu mövsümü də uğurlu saya bilər – hamıdan çox qələbə (10) və poul (12) qazanıb, yarışlarda hamıdan çox liderlik edib (566 dövrə) və bir neçə şəxsi rekorda imza atıb. Özünüz baxın:
– Lyuis Formula1-də artıq 188 yarış keçirib – bütün yarışlara Mercedes motoru ilə çıxıb
– Lyuisin hazırda aktivində 53 qələbə var – bu göstərici üzrə Lyuis yalnız Mixael Şumaxerə (91) uduzur
– Lyuis 24 müxtəlif trasda podiumun zirvəsinə qalxıb – bu mütləq rekorddur
– Lyuis poulların sayını 61-ə çatdırıb – bu göstərici üzrə Mixael Şumaxer (68) və Ayrton Sennaya (65) çatmağa çox az qalıb
– Lyuis artıq 10 het-trik (poul, qələbə və sürətli dövrə) edib, onlardan ikisində (2014-cü ilin Malayziya və 2015-ci ilin İtaliya yarışlarında) startdan finişədək liderlik etməklə “Böyük Dəbilqə” qazanıb
– Lyuis 104 dəfə podiuma yüksəlib – bu göstərici üzrə Alen Prost (106) və Mixael Şumaxerə (155) uduzur. Bu podiumların təxminən yarısını (50) son üç ildə qazanıb
– Lyuis 105 dəfə ilk cərgədən start alıb: son üç ildə 48 dəfə bunu edib
– Lyusin hesabında 2247 xal var və onların yarıdan çoxunu (1145) “gümüşü oxlar”ın heyətində son 3 ildə qazanıb
– Lyuis keçən il yağış təkərlərində hamıdan çox – 523 km məsafə qət edib
– Lyuis karyerasında liderlik etdiyi məsafəni 14989 km-ə çatdırıb və yalnız Mixael Şumaxerə uduzur (24144 km)
Lyuis Həmilton | 2014-cü il | 2015-ci il | 2016-cı il | Ümumi |
Qələbələr | 11 | 10 | 10 | 31 |
Podiumlar | 16 | 17 | 17 | 50 |
Poullar | 7 | 11 | 12 | 30 |
İlk cərgədən startlar | 15 | 18 | 15 | 48 |
Sürətli dövrələr | 7 | 8 | 3 | 18 |
Xallar | 384 | 381 | 380 | 1145 |
Çempionatda mövqe | 1 | 1 | 2 | – |
MERCEDES AMG PETRONAS F1 TEAM
Formula1-in 2014-cü ildə hibrid güc qurğusuna keçməsindən sonra “gümüşü oxlar” bir çox rekordları təzələyiblər. Arxada qoyduğumuz mövsüm isə “tort üzərindəki albalı” olub: tarixin ən uzun mövsümü komanda üçün çox uğurlu alınıb. Rəqiblərinin fərqi azaltmasına baxmayaraq, almanlar 21 yarışdan 19-da qələbə qazanıblar – fantastik nəticədir. Bəs aşağıdakı maraqlı statistikadan xəbəriniz var?
– Niko Rosberq “gümüşü oxlar”ın heyətində çempion olmuş 3-cü sürücüdür – 1954-55-ci illərdə Xuan Manuel Fanxio və 2014-15-ci illərdə Lyuis Həmilton çempion olmuşdular
– Mercedes son 3 ildə baş tutmuş 59 yarışdan 51-də qələbə qazanıb
– Mercedes-in 51 qələbəsindən 31-də komanda dubl edib
– Mercedes komandası McLaren, Ferrari və Red Bull-dan sonra çempionatda ardıcıl 3 titul qazanan dördüncü komanda olub
– Mercedes sürücüləri son 3 ildə 363113 döngə keçməklə 22495 dövrə vurubar və 112682.728 kilometr məsafə qət ediblər: bu zaman ötürmələrin dəyişməsi milyondan çox olub
– Lyuis Həmiltonun Əbu Dabidə qazandığı qələbə Mercedes motorları üçün 150-ci qələbə olub: bir daha xatırladaq ki, 51 qələbə son 3 ildə qazanılıb
– Mercedes sürücülərini son mövsümdə cəmi 7 dəfə ötə biliblər: Niko Rosberq 4 dəfə, Lyuis Həmilton isə 3 dəfə rəqiblərinə uduzub
Statistika | 2014-cü il | 2015-ci il | 2016-cı il | Ümumi |
Şassi | F1 W05 Hybrid | F1 W06 Hybrid | F1 W07 Hybrid | |
Güc qurğusu | PU106A Hybrid | PU106B Hybrid | PU106C Hybrid | |
Yarışların sayı | 19 | 19 | 21 | 59 |
Məsafə, dövrələr | 7217 | 7205 | 8073 | 22495 |
Məsafə, km | 36867.313 | 35256.546 | 40558.869 | 112682.728 |
Ötürmələrin sayı | 347072 | 333238 | 389239 | 1069549 |
Döngələrin sayı | 116432 | 113681 | 133000 | 363113 |