Almaniyanın Auto Motor und Sport nəşrinin verdiyi məlumata görə, Mercedes yeddiliyi tərk edərək, FİA və Ferrari-yə qarşı irəli sürülən iddialardan imtina edib. Eyni zamanda, Racefans iddia edir ki, yerdə qalan komandalar hələ də Ferrari-nin keçən il texniki qaydaları pozduğunu öyrənmək səylərini davam etdirirlər.
Komandalardan birinin adı açıqlanmayan rəhbərinin dediyi kimi, Mercedes-in bundan sonrakı araşdırmalardan imtina etmək qərarından çox məyus olublar: “Bütün bu məsələni başlayıb, məktubu yazıb, bizə imzaladıb, sonra isə sadəcə getdilər…”
F-1.az xarici mediaya istinadən bildirir ki, belə bir qərar yüksək səviyyədə qəbul olunub. Daimler AG konserninin İdarə Heyətinin sədri Ola Kollenius Fiat Chrysler konserninin baş direktoru və Ferrari-nin prezidenti Con Elkannla görüşdükdən sonra Toto Volffdan araşdırmaları dayandırmağı xahiş edib.
İtalyan mətbuatına görə, şirkətlər sürücüsüz nəqliyyat vasitələrinin inkişafı sahəsində əməkdaşlıq etmək niyyətindədirlər, Elkann isə Kolleniusla görüş zamanı Formula1-dəki belə mübahisələrin nüfuz itkisinə səbəb ola biləcəyindən narahatlığını ifadə edib.