Almaniyanın məşhur Focus jurnalında “Formula1-in gələcəyi təhlükədədir” adlı məqalə dərc olunub. Məqalədə Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauqdan sitatlar var, Hauqun fikrincə, avtokonsernin rəhbərliyini çoxdankı tərəfdaşı olan McLaren komandası ilə münasibətlərin inkişafı qane etmir. Xatırladaq ki, komandanın səhmlərinin 40%-i məhz Mercedes-Benz-ə məxsusdur…
Norbert Hauq: “İldə ən azı bir dəfə biz Formula1-də iştirakımız barədə şirkətin direktorlar şurasına hesabat veririk, şura bu layihənin gələcəyi ilə bağlı qərarlar verir. Amma indiki iqtisadi böhran şəraitində hər hansı bir proqnoz söyləmək olduqca çətindir.
Mercedes komandanı dəstəkləyir və bu gün söyləmək olar ki, biz 2010-cu ilə çempionatında iştirak etməyə hazırlaşırıq. Amma bizim konsernin nümayəndələri komandada həlledici vəzifələr tutmurlar və əlbəttə, Mercedes-in direktorlar şurası bu vəziyyəti tənzimləmək üçün bizə təzyiq edir”
Hələlik aydın deyil ki, “vəziyyəti tənzimləmək” ifadəsi nə deməkdir. Ən azı McLaren rəhbərliyində yeni simaların peyda olmasına hazırlaşmaq lazımdır.
Ümumdünya Avtoİdman Şurasının aprelin 29-na planlaşdırılan iclası ərəfəsində Hauq McLaren komandasının ətrafında qızışan qalmaqalı şərh etmək istəmir, amma eyni zamanda istisna etmir ki, gələcəkdə Mercedes, ümumiyyətlə, komandaya zavod dəstəyindən imtina edə bilər və yalnız Formula1-in müxtəlif komandalarını motorlarla təmin etməyi davam etdirər.
Norbert Hauq: “Əlbəttə, biz belə bir variant üzərində düşünmüşük.”