Mercedes artıq W14-ün təkmilləşdirilmiş versiyasını hazırlayır

Mercedes komandasının fevralın 15-də təqdim etdiyi və daha sonra testlər üçün Bəhreynə gətirdiyi W14 şassisi, sadəcə keçənilki W13-ün builki texniki reqlamentinin tələblərinə cavab verən və texniki reqlamentin çatışmazlıqlarından məhrum olan dəyişdirilmiş versiyasıdır.

F-1.az xəbər verir ki, bunu Mercedes rəhbərliyi təqdimat mərasimində desə də, deyəsən, yeni bolid testlər zamanı ona bəslənən ümidləri doğrultmayıb. Məlum olub ki, W14 döngələrdə sürüşür, ona görə də Lyuis Həmilton və Corc Rassell yalnız ən yumşaq C5 təkər tərkiblərində asfaltla nisbətən normal ilişmə səviyyəsinə nail ola biliblər. Amma gələn həftəsonu komandalar Bəhreyn Qran Prisinin startına çıxanda onların ixtiyarında daha sərt təkərlər, yəni C3 ən yumşaq tərkib olacaq.

Buna görə də Həmiltonun şənbə günü göstərdiyi günün ikinci nəticəsini (1:30.664) çətin ki, reprezentativ nəticə hesab etmək olar.

İtaliyanın Gazzetta dello Sport nəşrinin məlumatına görə, W14-ün altlığı kifayət qədər səmərəli qraund effekti təmin etmir, ona görə də döngələrə girməzdən əvvəl əyləcləmə zamanı arxa təkərlərin asfaltla mexaniki ilişməsi kəskin şəkildə pisləşə bilər ki, bu da bolidin sabitliyinin pozulmasına gətirib çıxarır. Bununla belə, ön təkərlər də trası o qədər etibarlı tutmur, çünki ümumən asfaltayatma qüvvəsi arzuolunan səviyyədə yaranmır.

Qəzet Ştutqart konserninin zavod komandasının rəhbəri Toto Volffdan sitat gətirib: “Biz mövsümün yarışlarına yeni komponentlər gətirəcəyik və W14 daha çox digər maşınlara bənzəyəcək”. Bu onu deməyə əsas verir ki, almanlar 2023-cü il üçün şassinin təkmilləşdirilmiş versiyası üzərində gərgin işləyirlər, hərçənd onu mövsümün ilk üç mərhələsində görəcəyimizin ehtimalı olduqca azdır.

Əgər Mercedes keçən il Aston Martin komandasının yaşadığı ssenari üzrə hərəkət edəcəksə, o zaman yenilənmiş versiyanın yalnız Avstraliya Qran Prisindən sonra təqdim olunmasını güman etmək məntiqlidir, yəni ən tezi aprelin son həftəsonu Azərbaycan yarışında. Üstəlik, Melburn və Bakıdakı mərhələləri tam üçhəftəlik fasilənin ayırması da almanların xeyrinə ola bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*