Qeyri-rəsmi məlumatlara əsasən, Valtteri Bottas artıq Mercedes W08 Hybrid maşınının kokpitində yerini rahatlayıb. Milad bayramı ərəfəsində finlandiyalı sürücü komandanın Breklidəki bazasına baş çəkib və oturacağın hazırlanması prosedurunda iştirak edib.
Eyni zamanda, Bottas sükan üzərində idarəetmə düymələrinin və linklərin yerləşməsinə də öz arzularını bildirib, daha sonra isə onunla işləyəcək mühəndis və mexaniklərlə tanış olub.
F-1.az xatırladır ki, Mercedes komandası rəsmi məlumatı tətildən sonra elan edəcəyini bildirmişdi. Mercedes Motorsport-un başçısı Toto Volff son müsahibəsində yeni sürücünün hələ seçilmədiyini söyləmişdi.
Böyük ehtimalla qarşıdakı həftə sürücü bazarında boş qalan vakansiyalar da tutulacaq – Felipe Massanın qayıtması elan olunacaq, Paskal Verlyaynın taleyi açıqlanacaq…