F-1.az xatırladır ki, heç kimin gözləmədiyi halda, Toro Rosso-dan Red Bull-a transfer olan Maks Ferstappen sıralanma turunda mükəmməl performans göstərərək dördüncü yeri tutub. Amma Mercedes komandası bir neçə il əvvəl gənc sürücünü transfer etmək istəyib.
Toto Volff Ferstappeni Toro Rosso-ya transfer olmamışdan qabaq komandasına gətirmək istəyib, amma hollandiyalı sürücü Red Bull komandasını seçərək, Toro Rosso-da çıxış etməyə başlayıb.
Bu xəbər gün üzünə çıxandan sonra Volff açıqlama verib: “Onunla ciddi danışıqlarımız olmadı, çünki bilirdik ki, o, Red Bull-a daha yaxındır.
Red Bull əvvəlcə onu Toro Rosso-da yarışdıracaqdı və iki ildən sonra Red Bull-a keçirəcəkdilər. Plan gözlənildiyi kimi işlədi və Maks indi Red Bull-da çıxış edir. Atası Yos Ferstappen yaxşı plan qurmuşdu.
Maks yaxşı oğlandır, atası da əsl centlmendir. Yarışda və trasdan kənarda nələrin olacağını çox yaxşı bilir.
Mən Maksı ilk dəfə 2013-cü ildə FİA-nın mükafat mərasimində görmüşdüm. Kartinqdə yarışırdı və mükafatını almaq üçün gəlmişdi. Onun üstündən iki il keçdi və o, Formula1-ə yüksəldi”.