Mercedes AMG komandasının sürücüləri Bakı yarışını səbrsizliklə gözləyirlər

Dünən Barselonda mövsümöncəsi testlər start alıb. Mercedes AMG komandası yenə də mövsümə iddialı görünür. Komanda Katalunya trasının pit yolunda builki maşınını təqdim etdikdən sonra Lyuis Həmilton və Niko Rosberq jurnalistlərin suallarını cavablandırıblar.

F-1.az bildirir ki, komandanın hər iki sürücüsü qarşıdakı mövsümdə titul qazanmaq arzusunda olduğunu bildirib. Diqqətimizi isə hər iki sürücünün təqvimdə 8-ci olan Avropa Qran Prisi – doğma Bakımızda baş tutacaq mərhələ barədə fikirləri cəlb edib…

Lyuis Həmilton: “Qış tətilin əsas hadisəsi elə tətilin özü idi. Heç bir yarış yox idi – yalnız ailə, dostlarım və snoubord. Bu il mən hazırlıq proqramında dəyişiklik etdim. Bəzən hazırlığa tez başlamalı olursunuz, bəzən gec. Keçən mövsüm mən məşqlərə gec başlamışdım, amma bu dəfə elə dekabr ayından başladım, milad bayramında qısa fasilə elədim. Bu günə qədər çəkimə nəzarət edirəm. Hazırlıq proqramım da rəngarəng olub!

Mövsüm uzundur? Mən yarışmağı sevirəm, ona görə də təqvimdə nə qədər yarış çox olsa, mənim üçün yaxşıdır. Hərçənd, 21 yarış komanda əməkdaşları üçün çoxdur, onlar  bütün mövsümü gərgin işləyir və demək olar ki, ailələrini görmürlər. Maşın və sürücülərin yüklənməsi bu il çox olacaq, daha çox xal itirmək və qazanamq olacaq, deməli, mübarizə də açıq və maraqlı olacaq. Bu il Bakıdakı yeni trasda da debüt edəcəyik (Avropa Qran Prisi), çempionat Almaniyaya qayıdacaq – bu yarışları səbrsizliklə gözləyirəm. Məncə, əla mövsüm olacaq!

Mən artıq çoxdan yarışlarda iştirak edirəm, amma yeni maşının sükanı arxasında ilk dəfə trasa çıxmaq həmişə həyəcanlı alınır. Elə bilin ki, avtosalona gəlmisiniz və yeni maşın alaraq evə qayıdırsınız.

Mən statistikaya fikir vermirəm, amma insanlar mənim uğurlarımı sayıb mənə bildirəndə, inanın, mənə çox xoş olur. Bu yaxınlarda evdə atam mənə uşaqlıq illərimin çəkilişlərini göstərmişdi, çox balaca idim, kart sürürdüm və Formula1-ə düşmək istəyirdim. İndi isə arzumla yaşayıram.

Mənim müxtəlif motivasiya mənbələrim var. Yarışlarda daim maksimum rəqabətədavamlı olmağa çalışıram, bunun özü də motivasiyadır. Məşqlərə gəlincə, hər il yeni ilham mənbəyi axtarmalı oluram. Hazırda əla formadayam!

Keçən mövsümün son yarışları? Mən bu barədə düşünmək istəmirəm, çünki bu yarışlar mənim titul uğrunda mübarizəmə təsir etmirdilər. Əlbəttə, mən həmişə qələbə qazanmaq istəyirəm və buna da can atıram, amma son yarışlarda mənim diqqətim başqa yerdə idi.

Mən bilirəm ki, bu il Niko çox güclü olacaq, ona görə də mən səviyyəmi daha yüksəyə qaldırmalıyam. Məsələ belədir ki, bunu necə edim? Mən iki il ardıcıl maksimum nəticə göstərmişəm, bunu üçüncü dəfə təkrar etmək çox çətin olacaq, amma mən mübarizə aparacam və əlimdən gələni edəcəm”.

Niko Rosberq: “Qış tətilini ailəmlə birlikdə əla keçirdim, vaxtın çoxunu evdə balaca qızımla oynadım. Əlbəttə, məşqləri unutmadım, çoxlu məşq etdim. Keçən mövsümün sonuncu gününün səhəri mənim üçün yeni mövsümün ilk günü idi. Bu il gərgin mübarizəyə köklənmişəm.

Qış tətilində maksimum optimal fiziki forma yığmışam, mövsümün gedişində isə bu formanı saxlamağa çalışacam. Tətildə əsasən üzgüçülüklə məşğul olmuşam, çoxlu velosiped sürmüşəm. Yarış zamanı yüklənən əzələləri, xüsusən boyun əzələlərini xüsusi proqram üzrə məşq eləmişəm. Reaksiyamı artırmaq üçün stolüstü tennis oynamışam.

Mən çox şadam ki, Almaniya Qran Prisi təqvimə qayıdır. Bizim yarış olmadan Formula1-i təsəvvür edə bilmirəm. İki il əvvəl Hokkenhaymda qələbə qazanmışdım, bu il yenə də doğma trasda, şirkətimizin əməkdaşlarının gözləri önündə qələbə qazanmaq istəyirəm.

Bu il Bakıda yeni yarış olacaq, biz hamımız onu səbrsizliklə gözləyirik. Mən şəhər və ölkə haqqında xoş sözlər eşitmişəm. Trasın konfiqurasiyasını da görmüşəm, möhtəşəmdir! Yeni tras həmişə yeni çağırışdır, biz vəziyyətə uyğunlaşmalıyıq, çünki trasdan nə gözlədiyimizi özümüz də bilmirik.

Bu il təqvimdə 21 yarış olacaq – azarkeşlər üçün, sürücülər üçün bu yaxşıdır, məncə, hər bir şeydə maksimum hədd olduğu kimi biz də təvimdə maksimum həddə çatmışıq. Komandanın əməkdaşlarını düşünün – mexaniklər, mühəndislər komanda ilə birlikdə daim səyahət edirlər. Onlar daim evlərindən, ailələrindən uzaqda olurlar. Çox güman ki, hazırda hər şey normaldır, amma mövsümün ortalarında onların sağlamlığı diqqət mərkəzində olacaq.

Yeni maşının sükanı arxasında trasa ilk çıxış həmişə həyəcanlıdır. Nəzərə almaq lazımdır ki, hamı bizdə qələbə uğrunda mübarizə aparacaq maşın gözləyir. Maşın trasa çıxana qədər biz bütün layihələri, eskizləri görürük, mühəndislərlə saatlarla müzakirələr aparırıq, hər bir detalı müzakirə edirik. Maşın, nəhayət, trasa çıxanda, hamımız azad nəfəs alırıq.

Bu il Sinqapurda özümün 200-cü yarışını keçirəcəm. Artıq uzun müddətdir ki, çempionatdayam. Ümid edirəm ki, qarşıda məni hələ uzun illər gözləyir. Sinqapurda bayram təşkil etməyi düşünürəm, düzdür, əgər çempionatda qələbə qazansam, daha böyük bayram şənliyi təşkil edəcəm.

Son iki ildə mənim əlimdə titul qazana biləcək maşın olub, amma hələ arzumu gerçəkləşdirə bilməmişəm. Mən sübut etmişəm ki, qələbə qazana bilərəm, ona görə də son addımı atmaq üçün əlimdən gələni edəcəm! Əminəm ki, qarşıdakı il mənim ilim olacaq.

Keçən mövsümün sonunu əla keçirdim, poullar və qələbələr seriyasını bu il də davam etdirmək fikrindəyəm. Çox nikbin köklənmişəm. Məni tituldan ayıran addımı atmaq üçün həlledici faktoru axtarıram. Bilirəm ki, şansım var…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*