F-1.az xəbər verir ki, pouldan start alan Kayo Kollet ilk döngədə liderliyini qorusa da, 5-ci döngədə Zeyn Məloninin hücumuna məruz qalıb – hər iki sürücü trasdan çıxıb, Zeyn liderliyi ələ alıb, Kayo isə trasa qayıdarkən Françesko Pizzini trasdan çıxarıb: buna görə braziliyalı sürücüyə +5 saniyə cərimə verilib.
İkinci dövrənin 5-ci döngəsində Oliver Göte hücum edərək Kayonu keçib. Amma elə bu zaman Zeynə komandası bildirib ki, Kayonu trasdan kənarda ötdüyü üçün mövqeyi geri qaytarmalıdır, nəticədə Zeyn həm Göteni, həm də Kolleti irəli buraxmalı olub.
Altıncı dövrədə əvvəlcə Kayo, daha sonra Zeyn Oliveri arxada qoyublar. Beş dövrə sonra Zeynin Kayoya hücumu təmiz alınıb və Barbados əsilli sürücü liderliyə yüksəlib. 14-cü dövrədə Roman Stanek Kolleti arxada qoyub.
İlk üçlük bu ardıcıllıqla finiş xəttini keçib – Zeyn seriyada ilk qələbəsinə sevinib. Finişdə 3-cü olan Kayo isə cəriməyə görə 6-cı yerə düşüb – podiumu Staneklə yanaşı Olver Birman tamamlayıb.
Belçikada iki podium sayəsində Birman çempionatda 2-ci yerə yüksəlib və Ayzek Həcərə cəmi 1 xal uduzur. İlk dörd sürücünü 5 xal ayırır, Stanek də uzaqda deyil.
Mövsümün sonuna isə 2 mərhələ qalıb – Niderlandda mübarizə davam edəcək.