Meksika-2018: Yarış

Bir il əvvəl olduğu kimi Lyuis Həmilton Meksikaya titul qazanmağa gəlib. Mövsümün sonuna 3 yarış qalmış 70 xallıq üstünlüyə malik olan britaniyalı sürücüyə Sebastyan Fettelin nəticəsindən asılı olmayaraq, yarışı sadəcə 7-ci yerdən yuxarı başa vurmaq kifayət idi. Almaniyalı sürücü isə fərqi azaltmağa çalışsa da, Rodriges qardaşlarının adını daşıyan trasın dəniz səviyyəsindən çox hündürdə yerləşməsi qüvvələr nisbətinə ciddi təsir edib - sessiyaların gedişində Mercedes və Ferrari sürücüləri protokollara başçılıq edə bilməyiblər.

F-1.az xatırladır ki, cümə və şənbə məşqlərində Maks Ferstappen liderlik edib. Hamı gözləyirdi ki, bu həftə Maks Formula1 tarixində poul qazanmış ən gənc sürücü olacaq, amma son həlledici dövrəsində Daniel Rikkardo gənc komanda yoldaşını cəmi 0.026 saniyə qabaqlayıb – Daniel karyerasında 3-cü, mövsümdə isə 2-ci poulunu qazanıb.

Renault motorçuları keçənilki uğursuzluqlardan nəticə çıxarıblar – turbinin optimallaşdırılmış konstruksiyası hündürlükdə yerləşən trasda güc baxımından Mercedes və Ferrari motorlarına çatmağa imkan verib. Sıralanma turunun nəticələrinə görə, ilk səkkizlikdə 4 Renault motorlu maşın yer alıb – ilk cərgəni isə Red Bull maşınları zəbt ediblər. Bu hal 2013-cü ilin ABŞ yarışından sonra ilk dəfə baş verib.

İkinci cərgədə isə titula namizədlər yer alıblar – Həmilton və Fettel, komandaların ikinci sürücüləri 3-cü sırada yerləşiblər – Bottas və Rəykkönen.

İki sürücü startda yer itirib – Roman Qrojan keçən həftə Ostində baş verən insidentə görə 3 yerli cəza almışdı, Pyer Qaslinin isə maşınında güc qurğusunun elementləri və ötürmələr qutusu dəyişdirildiyindən sürücü sonunda yerə göndərilib.

Pirelli Meksikaya ən yumşaq üçlüyü – HyperSoft, UltraSoft və SuperSoft tərkiblərini gətirib. HyperSoft tərkibi tez yeyildiyindən komandalar yarışda bu tərkibdən istifadəni minimuma endirməyə çalışıblar. Sıralanma turunun ikinci sessiyasında top-komandaların sürücüləri daha bərk UltraSoft tərkibini seçiblər ki, bu tərkibllərlə start alsılar.

İlk onluğun digər sürücüləri (Hülkenberq, Sayns, Lekler və Eriksson), eləcə də, Qasli starta HyperSoft tərkibini, McLaren və Williams sürücüləri ilk altılıq kimi UltraSoft tərkibini, yerdə qalan sürücülər isə ən bərk SuperSoft tərkibini seçiblər.

Startda Ferstappen və Həmilton təkərləri yerində fırlanan Rikkardonu qabaqlayıblar, Fettel Bottasın hücumunu son anda dəf edə bilib. Okon və Hartli təmas yaşadıqdan sonra boksa üz tutmalı olublar. 2-ci dövrənin sonunda ilk onluq: Ferstappen – Həmilton – Rikkardo – Fettel – Bottas – Rəykkönen – Sayns – Hülkenberq – Lekler – Eriksson.

Okonun maşının qırıntıları Alonsonun maşınını zədələdiyi üçün ispaniyalı sürücü 4-cü dövrədə mübarizənid ayandırmalı olub. Onun təxliyəsi üçün Virtual Təhlükəsizlik Maşını (VTM) rejimi elan olunub. 7-ci dövrədə Qasli ilk planlı pit-stopa yollanıb. 11-ci dövrədə Stroll da yeni təkərlərə keçib.

Həmiltonuns ürəti aşağı düşüb – ön təkərlər dənləndiyi üçün britaniyalı sürücü 12-ci dövrədə boksa tələsib. Onunda ardınca Bottas, Sayns və Sirotkin də pitə yollanıblar.

13-cü dövrədə isə Rikkardo, Hülkenberq və Vandorn kolleqalarından geri qalmayıblar. 14-cü dövrədə Ferstappen və Lekler də eyni addımı atıblar. 14-cü dövrədə Peresin hücumu uğurlu alınıb – yerli sürücü doğma azarkeşlərinin gözləri önündə Erikssonu üstələyib. 15-ci dğvrədə daha təzə təkərlərlə Ferstappen start-finiş düzlüyündə Rəykköneni qabaqlayıb. 17-ci dövrədə isə təkərləri yeyilmiş Kimi əvvəlcə Həmilton, ardınca isə Rikkardo üçün asan şikara çevrilib.

17-c dövrədə Eriksson, 18-ci dövrədə isə hər iki Ferrari sürücüsü boksa çağırılıblar.

25-ci dövrədə isə Stroll ikinci dəfə yeni təkər dalınca mexaniklərinə üz tutub – pit-stop zamanı mexaniklərdən biri yıxılıb, cidd zədə almayıb. 26-cı dövrədə Hartli, 28-ci dövrədə isə Qasli növbəti təkər dəstinə keçiblər.

Fettel Rikkardo ilə fərqi minimuma endirib, amma sürət fərqi az olduğu üçün real hücum şansı olmayıb.

31-ci dövrədə Sayns maşını 13-cü döngədə saxlayıb – onun təxliyəsi üçün növbəti dəfə VTM rejimi elan olunub. Peres və Okon dərhal boksa yollanıblar. 33-cü dövrənin sonunda ilk onluq: Ferstappen – Həmilton – Rikkardo – Fettel – Bottas – Rəykkönen – Hülkenberq – Lekler – Peres – Maqnussen. 

Yarışın ekvatorunda yalnız 3 top-komandanın sürücüləri liderlə bir dövrədə qalıblar.

34-cü dövrədə Fettel ardıcıl hücumlardan sonra Rikkardonu qabaqlayaraq, 3-cü yerə yüksəlib. 35-ci dövrədə Peres Lekleri üstələyib. Fettel sürətini artıraraq, Həmiltonla fərqi bağlayıb – Lyuisin təkərləri yeyildiyi üçün yenə də sürəti aşağı düşüb. 39-cu dövrədə Sebastyan çempionatda əsas rəqibini keçib və dərhal uzaqlaşıb. 40-cı dövrənin sonunda ilk onluq: Ferstappen – Fettel – Həmilton – Rikkardo – Bottas – Rəykkönen – Hülkenberq – Lekler – Maqnussen – Vandorn.

Hartli və Okon yenə də təmas yaşayıblar – Estebanın maşınında yenə də ön qanad zədələnib, amma sürücü trasda qalıb. 41-ci dövrədə Peres əyləc problemləri üzündən doğma ev yarışını dayandırmalı olub.

45-ci dövrədə Maqnussen, 47-ci dövrədə isə Qrojan Haas-ın boksda işini yekunlaşdırıblar. 47-ci dövrədə isə Rikkardo da Həmiltonu üstələyərək 3-cü yerə yüksəlib – Lyuis əylənmə nöqtəsini qaçırıb, təkərlərini bloklayıb və boksa tələsib. Fettel də yeni təkərlər alıb. 48-ci dövrədə isə eyni yerdə Bottas əylənmə nöqtsəini qaçırıb və Rəykkönen önə çıxıb. 49-cu dövrədə Ferstappen və Bottas təkərlərini dəyişiblər.

Qasli Okonla mübarizədə rəqibinə kifayət qədər yer qoymayıb – insidenti araşdıran stüardlar heç kimi cəzalandırmayıblar. 57-ci dövrədə Fettel Rikkardonu qabaqlayaraq, 2-ci yerə yüksəlib. 62-ci dövrədə Rikkardonun maşını tüstülənib və sürücü 1-ci döngədə dayanmalı olub. Yarışda 3-cü dəfə VTM rejimi elan olunub. 63-cü dövrənin sonunda ilk onluq: Ferstappen – Fettel – Rəykkönen – Həmilton – Bottas – Hülkenberq – Lekler – Vandorn – Eriksson – Qasli.

64-cü dövrədə Bottas daha bir dəfə pit-stop reallaşdırıb.

Maks Ferstappen Meksikada ardıcıl ikinci qələbəsinə sevinib – dünən ən gənc poul qazanan sürücü ola bilməyən hollandiyalı sürücü poulsuz ən çox qələbə qazanan sürücü adına sahib çıxıb: indi Maksın aktivinda 5 qələbə var. Ferrari sürücülər podiumu tamamlayıblar: Fettel Rəykköneni qabaqlayıb.

Lyuis Həmilton yarışı 4-cü yerdə başa vurmaqla karyerasında 5-ci titulunu rəsmiləşdirib. Yalnız 4 sürücü liderlə bir dövrədə finiş görüb – Bottas liderə bir, digərləri isə 2 dövrə uduzublar.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 1:38:28.851 2
2 5 Sebastyan Fettel Ferrari + 0:17.316 2
3 7 Kimi Rəykkönen Ferrari + 0:49.914 1
4 44 Lyuis Həmilton Mercedes + 1:18.738 2
5 77 Valtteri Bottas Mercedes + 1 dövrə 3
6 27 Niko Hülkenberq Renault + 2 dövrə 1
7 16 Şarl Lekler Sauber + 2 dövrə 1
8 2 Stoffel Vandorn McLaren + 2 dövrə 1
9 9 Markus Eriksson Sauber + 2 dövrə 1
10 10 Pyer Qasli Toro Rosso + 2 dövrə 2
11 31 Esteban Okon Racing Point + 2 dövrə 2
12 18 Ləns Stroll Williams + 2 dövrə 2
13 35 Sergey Sirotkin Williams + 2 dövrə 1
14 28 Brendon Hartli (*) Toro Rosso + 2 dövrə 2
15 20 Kevin Maqnussen Haas + 2 dövrə 1
16 8 Roman Qrojan Haas + 3 dövrə 2

(*) – Esteban Okonla insidentə görə Brendon Hartlinin yekun nəticəsinə 5 saniyə əlavə olunub

Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:18.741 (65-ci dövrə, 196.776 km/saat).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Fernando Alonso McLaren 4 mexaniki problemlər
Karlos Sayns Renault 29 mexaniki problemlər
Serxio Peres Racing Point 39 əyləclər
Daniel Rikkardo Red Bull 62 hidravlika

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 358
2 5 Sebastyan Fettel Scuderia Ferrari 294
3 7 Kimi Rəykkönen Scuderia Ferrari 236
4 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 227
5 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 216
6 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 146
7 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 69
8 11 Serxio Peres Racing Point Force İndia 57
9 20 Kevin Maqnussen Haas F1 Team 53
10 14 Fernando Alonso McLaren F1 Team 50
11 31 Esteban Okon Racing Point Force İndia 49
12 55 Karlos Sayns Renault Sport Formula 1 Team 45
13 8 Roman Qrojan Haas F1 Team 31
14 10 Pyer Qasli Red Bull Toro Rosso Honda 29
15 16 Şarl Lekler Alfa Romeo Sauber F1 Team 27
16 2 Stoffel Vandorn McLaren F1 Team 12
17 9 Markus Eriksson Alfa Romeo Sauber F1 Team 9
18 18 Ləns Stroll Williams Martini Racing 6
19 28 Brendon Hartli Red Bull Toro Rosso Honda 4
20 35 Sergey Sirotkin Williams Martini Racing 1

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 585
2 Scuderia Ferrari Ferrari 530
3 Aston Martin Red Bull Racing Renault 362
4 Renault Sport Formula 1 Team Renault 114
5 Haas F1 Team Ferrari 84
6 McLaren F1 Team Renault 62
7 Racing Point Force İndia Mercedes 47
8 Alfa Romeo Sauber F1 Team Ferrari 36
9 Red Bull Toro Rosso Honda Honda 33
10 Williams Martini Racing Mercedes 7
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*